Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “31 Mart soyqırımı şovinist ermənilərin vəhşi xislətinin nümunəsidir”
Səttar Möhbalıyev: “31 Mart soyqırımı şovinist ermənilərin vəhşi xislətinin nümunəsidir”31-03-2023, 09:42. Yazar: sevinc1 |
“Azərbaycan torpaqlarına gəldikləri vaxtdan ermənilər ancaq məkrli niyyətlərlə yaşayıblar, uydurduqları “Böyük Ermənistan” ideyasını gülünc də olsa, reallaşdırmağa çalışıblar. Xain və təcavüzkar xislətlərinə uyğun olaraq, bu yolda etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçiriblər. Tarixin hansı səhifəsini vərəqləsək, erməni millətçilərinin çirkin oyunlarının şahidi olarıq. Əsasən siyasi dəyişikliklər, inqilablar ərəfəsində xüsusilə fəallaşıb, yaranmış siyasi boşluğu özləri üçün əlverişli məqam hesab ediblər və beləcə zaman-zaman tarixin qara səhifələrinin müəllifi olublar. Onların xalqımızın başına gətirdiyi ən qanlı faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmişə olduğu kimi, bu dəfə də onların hədəfində əsasən dinc sakinlər olublar. On minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə öldürüldü, yaşayış məntəqələri, tarixi mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar dağıdıldı. Ümumilikdə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz ata-baba yurdundan qovuldu”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. “Erməni qəsbkarlarının törətdiyi soyqırımının qurbanları arasında minlərlə ləzgi, rus, avar, talışlar da olub. Yeri gəlmişkən, həmin qanlı hadisələr zamanı Gəncədə, Qubada və digər bölgələrdə 3 minə qədər Yəhudi erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlar törətdikləri bu əməlləri xüsusi qədarlıqlarla həyata keçiriblər. Belə ki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri aşkarlanmayıb. Məlum olub ki, onların hamısı küt alətlərlə qətlə yetirilib, baş nahiyəsindən balta ilə vurulublar, başları bədənlərindən ayrılıb. Hətta bir neçə kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların bu cür qətlə yetirilməsi bilavasitə erməni milliyyətçilərinin yırtıcı, insanlığa uyğun gəlməyən hərəkətlərinin bariz nümunələridir”, - Milli Məclisin deputatı bildirib. AHİK sədri qeyd edib ki, Sovet hakimiyyəti dövründə ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş soyqırımıları, qətliamları unutdurmağa çalışıblar, istəyirdilər ki, belə qara səhifələri tarixdən qoparıb atsınlar: “SSRİ dağıldıqdan sonra bu cür hadisələrin üzərindən pərdələr götürüldü. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımılarının ilk dəfə rəsmən adı çəkildi, erməni şovinistlərinin azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıldı, anti-Azərbaycan qüvvələrin məkrli əməllərinə siyasi qiymət verildi. Eləcə də Fərmanla 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi”. “Tarix sübut edir ki, erməni millətçilərinin xarakteri dəyişən deyil, öz vəhşi, qaniçən xislətlərini zaman-zaman nümayiş etdirirlər. Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə daha bir bəşəri cinayətə əl atdılar. Belə ki, Xocalı şəhərini yerlə-yeksan etdilər, qocaları, qadınları, uşaqları dünyanın gözü qarşısında xüsusi amansızlıqla öldürdülər. Ermənilər 44 günlük Vətən müharibəsində dinc mülki şəxsləri hədəfə almaqla da müharibə cinayətlərinə əl atdılar. Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı”, - Səttar Möhbalıyev vurğulayıb. Onun sözlərinə görə, erməni şovinistlərinin törətdikləri bütün soyqırımılarının, terrorların cavabı artıqlaması ilə verildi və qisas layiqincə alındı: “Amma ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu bunu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində döyüş meydanında etdi. İşğalçı ordu rəşadətli əsgər və zabitlərimiz tərəfindən məhv edildi, sağ qalan tör-töküntüləri isə yalnız qaçmaqla canlarını qurtara bildilər”. Geri dön |