Ana Sayfa > Özəl > 31 Mart - Azərbaycan xalqının qan yaddaşı...
31 Mart - Azərbaycan xalqının qan yaddaşı...31-03-2023, 09:40. Yazar: sevinc1 |
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdir. Bu dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlardır. Stepan Şaumyanın başçılıq etdiyi bolşeviklər Bakı quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra xalqımıza qarşı olan məqsədyönlü addımlar atmağa başlamışdır. Etnik erməni olan və kənar qüvvələrdən müxtəlif silah və maliyyə yardımları alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etmişdir. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açmış və martın 31-i səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etmişlər. Martın sonlarından başlayaraq aprel ayının əvvəllərində də davam etdirilən qətliamlar zamanı dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə öldürülmüş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Müstəqil tədqiqatçı Kulqe mart qırğınları haqqında yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini də çəkib. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir. Bu qırğınlarda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qətliam zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi, Şamaxıda da çox böyük qırğınlar törətmişlər. Təəssüf ki, sovet dövründə Şamaxıda törədilən qırğınların dəlillərinin bir qismi məhv edilmişdir. Ona görə də erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. 1990-cı illərdə yerli tədqiqatçıların araşdırmaları nəticəsində isə məlum olmuşdur ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Ermənilərin törətdikləri qırğınlar bununla kifayətlənməyib, Quba və Quba ətrafında da Azərbaycanlıların qətliamları davam etdirilmişdir. Quba şəhərində öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Qubada aşkarlanan kəllə və digər sümüklərin müayinəsi zamanı qırğınların nə dərəcədə qəddarlıqla həyata keçirildiyi bir daha sübut olunmuşdur. Belə ki, həmin sümüklərdə güllə yerləri, güllə izləri olmamışdır. Öldürülənlərin hamısının küt alətlərlə həyatlarına son qoyulduğu müəyyən edilmişdir. Soydaşlarımızın baş nahiyəsinə balta ilə vurmaqla, xəncərdən istifadə etməklə, ağır işgəncələr altında qətliamlarını həyata keçirmişlər. Hətta bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. Bu da törədilən vəhşiliyin hüdudlarının olmadığını bir daha nümayiş etdirir. Xalqımıza qarşı törədilən bu faciələrlə bağlı Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Qeyd edək ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqdakı insan sümükləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılmışdır. Məzarlıqda 500-dək insan kəlləsi olmuş, onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Gülşən Qazanxanova Vətən Müharibəsi şəhidi Şamil Nəcəfovun anası, müəllimə Geri dön |