Ana Sayfa > Özəl > Ulu Öndərimizin müəllifi olduğu milli dövlətçilik məfkurəsi müstəqilliyimizin əsas sütunlarından biridir
Ulu Öndərimizin müəllifi olduğu milli dövlətçilik məfkurəsi müstəqilliyimizin əsas sütunlarından biridir29-03-2023, 17:52. Yazar: sevinc1 |
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir. Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Faktiki olaraq, Ulu Öndər artıq dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Bu kimi çətinliklərin öhdəsindən ləyaqətlə gələ bilmək üçün xalqı, milləti qələbəyə aparan düşünülmüş strategiya tələb olunur ki, bu strategiyanın da uğurlu olması üçün onun milli ideyaya əsaslanması zəruri şərtdir. Öz növbəsində milli ideya milli dövlətçilik təfəkkürünə sahib olmayan bir xalqda heç cür formalaşa bilməz. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu daim diqqət mərkəzinə çəkirdi. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Belə bir şəraitdə xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış və çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olmasını və bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə geosiyasət və neft amillərini müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Ulu Öndərin siyasətini Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri hələ bundan sonra əsrlər boyu öyrəniləcək zəngin bir irsdir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Döyüş meydanlarında əldə olunmuş, 2020-ci ilin noyabr ayının 10-da isə siyasi-diplomatik müstəvidə rəsmiləşdirilmiş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin Azərbaycan xalqına olan ən böyük vəsiyyəti də yerinə yetirilmiş oldu. Rövşən İsayev, Saatlı rayon Statistika idarəsinin rəisi, YAP Saatlı 11 saylı Ərazi Partiya Təşkilatının sədri Geri dön |