Ana Sayfa > Özəl > Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır

Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır


29-03-2023, 10:51. Yazar: sevinc1
Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır

Ankarada təşkil olunan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Görüşü türkdilli dövlətlər arasında getdikcə güclənən birliyin, xoş günlərdə də, sınaq anlarında da bu dövlətlərin bir-birinin yanında olmasının, dəstək verməsinin təcəssümü oldu. Fövqəladə Zirvə görüşü "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr edilmişdi. Qardaş Türkiyənin bir neçə bölgəsində baş vermiş, böyük dağıntılara və insan tələfatına səbəb olmuş zəlzələdən sonra belə bir Zirvə görüşünün keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəlmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə dövlət rəhbərimizə öz adından və Türkiyə vətəndaşları adından xüsusi minnətdarlığını bildirdi. 
Prezident İlham Əliyev qeyd etdi ki,qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.
Türkiyə dövləti ilə aramızdakı güclü qardaşlıq bağı 44 günlük müharibədə öz mövqeyini açıq şəkildə qoydu. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.Əlaqələrimiz müttəfiqlik istiqamətində inkişaf etməkdə davam edir. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır. Bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Bu gün dünyada güclü dövlətlər Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.Türk dünyasının coğrafiyasına müdaxilə faktından danışan ölkə rəhbəri qeyd etdi ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. Deportasiya siyasətinin fəsadlarına gəlincə 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. 
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. Qarşılılıq prinsipinə gəlincə biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Geri dön