Ana Sayfa > Özəl > Azərbaycanın tarixinə “31 Mart qırğınları” kimi düşmüş soyqırımı XX əsrdə törədilmiş ən qanlı insanlıq əleyhinə cinayətlərdən biridir

Azərbaycanın tarixinə “31 Mart qırğınları” kimi düşmüş soyqırımı XX əsrdə törədilmiş ən qanlı insanlıq əleyhinə cinayətlərdən biridir


27-03-2023, 21:16. Yazar: sevinc1
Azərbaycanın tarixinə “31 Mart qırğınları” kimi düşmüş soyqırımı XX əsrdə törədilmiş ən qanlı insanlıq əleyhinə cinayətlərdən biridir

Bu gün Cənubi Qafqazda uzunmüddətli sülhün və əminamanlığın bərqərar olması bir çox mötəbər beynəlxalq siyasi forumlarda müzakirə olunan əsas mövzulardandır. İlk baxışdan bu mövzunun uzun-uzadı müzakirəyə ehtiyacı olmadığını da söyləmək olar. Məlumdur ki, bu gün regional sülhün davamlılığını təmin edəcək əsas şərt Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasıdır. Azərbaycan öz tərəfindən insansevərlik və sülhsevərlik nümayiş etdirərək Ermənistanın xalqımıza qarşı istər 30 illik işğal dövründə, istərsə də ümumiyyətlə son iki yüz il ərzində törətdiyi bütün qanlı cinayətlərə rəğmən ədavət səhifəsini çevirməyə hazır olduğunu bəyan edib və qarşı tərəfə sülh müqaviləsinin bağlanması üçün beş baza prinsipini təqdim edib. Nəzərə almaq lazımdır ki, bu prinsiplər beynəlxalq hüquqa tam uyğundur. Ermənistana sadəcə Azərbaycanın şərtlərilə, ədalətli şərtlərilə razılaşmaq qalır. Lakin bunun əvəzinə biz Ermənistandan yenidən revanşist şüarları və ərazi iddiaları eşidirik. Büyün bunların isə heç bir yaxşı nəticəsi ola bilməz. Çünki Azərbaycan ədavət səhifəsini çevirməyə hazır olduğunu bəyan etməklə, heç də xalqımıza qarşı həyata keçirilmiş etnik təmizləmələri və deportasiyaları, törədilmiş qətliam və kütləvi qırğınları unudacağını demək istəmir. Çünki bunlar qətiyyən unudula biləcək faciələr deyil.
Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər heç zaman mövcud olmamış “böyük ermənistan” ilə bağlı arzularını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycanın tarixinə “31 Mart qırğınları” kimi düşmüş bu soyqırımı XX əsrdə törədilmiş ən qanlı insanlıq əleyhinə cinayətlərdən biri, miqyasına görə ən böyük qətliamlardandır.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin ətraflı araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu baxımdan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı müstəsna tarixi əhəmiyyət kəsb edən sənədlərdir.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir: “Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir”.
Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq özünün müstəqillik əzmini qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi, xüsusilə 2003-cü ildən sonra keçən dövr ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, son iki yüz ildə Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyət 2020-ci ilin sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başlanmış və cəmi 44 günə Şanlı Ordumuzun tam və qəti qələbəsilə başa çatmış Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazilərinin 30 il davam edən işğalına son qoyması və ölkənin ərazi bütövlüyünü bərpa etməsi oldu. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri


Geri dön