Ana Sayfa > Özəl > 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir

31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir


27-03-2023, 21:13. Yazar: sevinc1
31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir

Tarixi faktlara diqqət yetirsək görərik ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırımlar sırasında Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin 31 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Onu da qeyd edək ki, bu qırğınların həyata keçirilməsində erməni cəlladlarının Daşnaksutyun partiyası xüsusi fəallıq göstərmişdir. Qırğınlarda onların 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi.
 Ötən 20 ildə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxan tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Ölkə Prezidenti İlham Əliyevin ermənilərin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə imzaladığı Fərman tariximizin hər bir səhifəsinin bizim üçün əziz olduğunu nümayiş etdirməklə yanaşı, eyni zamanda dünyanın  erməni vəhşiliklərinə göz yumması fonunda sonrakı dövrlərdə hansı faciələrin yaşandığına bir baxışdır. Erməni cinayətləri Qarabağ müharibəsində də davam etmiş, yenidən erməni millətçiləri tərəfindən azərbaycan xalqının başına Xocalı, Ağdaban, Başlıbel kimi faciələr gətirilmişdir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqlar soyqırımı aktlarının ən iyrənc və kütləvi şəkildə törədildiyini bir daha təsdiqləyir. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımı hadisələrinə ilk dəfə siyasi qiymət verilmiş və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 

Aidə Məhərrəmova.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön