Ana Sayfa > Özəl > 31 Mart - Vəhşi Cinayətlər
31 Mart - Vəhşi Cinayətlər27-03-2023, 20:54. Yazar: sevinc1 |
Azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən özünün beynəlxalq cinayət xarakterinə və sistematikliyinə görə 1918-ci ilin mart soyqırımları xüsusilə fərqlənir. Bu soyqırımı cinayətləri demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə etmiş və bu cinayətlərin əsas hədəfi məhz ölkəmizdə yaşayan türk soyuna malik olan və islam dininə mənsub olan müsəlmanların fiziki məhv edilməsindən ibarət olmuşdur. 1918-ci il mart soyqırımlarına beynəlxalq hüquqi dəyərləndirilməni ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən vermək mümkündür. İlk nöbədə, bu sənədlə 31 mart – Azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Eyni zamanda, bu sənəd ermənilər və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük rola və əhəmiyyətə malikdir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Bu sənəddə azərbaycanlılara qarşı törədilən cinayətlər tarixi və hüquqi baxımdan konseptual şəkildə əsaslandırılmışdır. ““Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.” Göründüyü kimi, azərbaycanlılara qarşı törədilən cinayətlər ilk növbədə ermənilərin təcavüzkar “Böyük Ermənistan” planlarından qaynaqlanır. İkincisi isə bu cinayətlər XX əsrdə 1905-ci il hadisələrindən başlayaraq bu gün də davam edir və cəzasız qalmışdır. Fərmanda qeyd olunur ki, birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 1918-ci il mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərdən ibarət kiçik bir dəstə öz xidmət yoldaşları, müsəlman diviziyasının zabiti – Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini müşayiət edərək və onun dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya gəlir. Dəfndən sonra martın 29- da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindən saxlanılır və tərksilah edilır. Bu dəfə təxribat baş tutur. Onsuz da Lənkərana getməyə hazırlaşan 48 nəfərdən ibarət azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdəki bir neçə min nəfərlik erməni və qızıl ordu hissələrini qarşısında faktiki olaraq silahsız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərinin müsəlman əhalisinin qəzəbinə səbəb olur. 1918-ci il martın 30-da şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyrimütəşəkkil etiraz mitinqləri başlanır. Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qaytarılmasını və ya, Bakıda erməni hərbi birləşmələrinin də tərksilah edilməsini tələb edirlər. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qalır. Müsavatçıların “Açıq söz” qəzeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etsə də silahlı qarşıdurma başlanır. Ermənilər tərəfindən törədilən soyqırımlarının coğrafiyası geniş olub. Bu cinayətlə İrəvan quberniyasını – indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini və Anadoluda yaşayan türklər və müsəlmanlar olmuşdur. Professor Musa Qasımlının qeyd etdiyi kimi, “Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi”. Ümumiyyətlə bu soyqırımların əsas hədəfi bütövlükdə regionun türk-müsəlman əhalisi idi. Heç də təsadüfi deyil ki, 2022-ci ilin martın 31-də Türk Dövlətləri Təşkilatı rəsmi tviter hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yayımladığı paylaşımda deyilir: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birgə soyqırımı qurbanlarını ehtiramla anır, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün fəaliyyətimizi davam etdirəcəyimizi bir daha bildiririk”. 1918-ci ilin mart soyqırımı cinayətləri (yəni Bakı, Quba, Şamaxı, Cavad və Astara və digər bölgələrdəki soyqırımı cinayətləri) öz ictimai təhlükəliliyinə və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində xüsusilə ağır cinayətlərdən biridir. Çünki bu cinayətləri törətmiş ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə, o cümlədən Tiflisdə, İrəvanda məhz türklərə qarşı xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Nəsimi Rayon İctimai Şuranın üzvü Gülnarə Hacıyeva Geri dön |