Ana Sayfa > Özəl > Yaxın gələcəkdə Azərbaycanın Avropaya inteqrasiyası sahəsində mühüm irəliləyiş olacaqdır

Yaxın gələcəkdə Azərbaycanın Avropaya inteqrasiyası sahəsində mühüm irəliləyiş olacaqdır


27-03-2023, 15:37. Yazar: sevinc1
Yaxın gələcəkdə Azərbaycanın Avropaya inteqrasiyası sahəsində mühüm irəliləyiş olacaqdır

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ötən il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.
Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına səfəri bu əlaqələlərin inkişafında mühüm bir mərhələnin başlanğıcıdır. Cənab prezident ilk növbədə Avropa İttifaqının bu önəmli ölkəsi ilə bir sıra məsələləri müzakirə edərək Azərbaycanın mövqeyini çatdırmışdır.
Almaniyanın federal kansleri Olaf Şoltsla görüşdən sonra cənab prezidentin Bəyanatından görünür ki, ilk növbədə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün imkanlar araşdırılmışdır. Söhbət zamanı Avropanın enerji təhlükəsizliyi probleminin həllində oynadığı rol xüsusi diqqət mərkəzində olmuşdur. Cənab Prezident İlham Əliyev demişdir: “Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.”
Azərbaycanın dövlət başçısı almaniyalı iş adamları ilə görüşdə ölkəmizin inkişaf perspektivlərindən danışaraq qeyd etmişdir ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.”
Almaniyalı iş adamları ilə görüşdə bu və digər məsələləri diqqətə çatdıran ölkə başçısı bu gün Azərbaycanda həyata keçirilən meqalayihələrin icrası sahəsində əldə olunan nəticələrdən və xarici sərmayədarlar üçün yaraılmış əlverişli mühitdən danışaraq bu sahədə Almaniya şirkətlərinin fəaliyyətini təqdir etmişdir.
Cənubi Qafqazda təhlükəsizlik məsələsindən bəhs edən ölkə başçısı Azərbaycanın 30 il ərzində işğala məruz qaldığını qeyd etmiş və bu problemi Azərbaycanın özünün həll etdiyini bildirmişdir. “Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur”-deyə qeyd edən cənab İlham Əliyev bu gün regionda sülh prosesinə ermənilər tərəfindən mane olunduğunu diqqətə çatdırmışdır: “Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.
Azərbaycanın bu günkü reallıqlar çərçivəsində logistika imkanlarına toxunan cənab Prezident bildirmişdir ki, həyata keçirilən layihələr artıq reallaşmağa başlamışdır və dünyanın indiki vəziyyətində Azərbaycanın geostrateji mövqeyi imkan verir ki, bu imkanlardan səmərəli istifadə olunsun. Rabitə, yol infrastrukturu, ərzaq tıhlükəsizliyi, sudan istifadə barədə ölkə başçısının məlumatları və bu sahələr üzrə layihələr haqqında məlumat da almaniyalı iş adamlarının marağına səbəb olmuşdur. Ölkəmizdə əlverişli investisiya mühitinin yaradılması sahəsində ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən işlər Azərbaycan- Avropa İttifaqı əlaqələrinə də müsbət mənada təsir edir və ölkəmizin Avropaya inteqrasiyası sahəsində mövcud əngəllərin aradan qaldırılmasına imkan yaradır.
Ölkə başçısının “Böyük Qayıdış” proqramı ilə bağlı söylədikləri almaniyalı iş adamlarının diqqətini cəlb etmişdir. Hazırda işğaldan sonra Qarabağda aparılan bərpa-quruculuq işləri göstərir ki. Bu torpaqların əsl sahibi kimdir. 30 il ərzində erməni vandalizminin təsiri ilə daşı daş üstə qalmayan bu ərazilərdə bir dənə də olsun infrastruktur qalmamışdır. İşğaldan sonra isə həyata keçirilən layihələr əhalinin məskunlaşması ilə yanaşı, bu ərazinin yaşıl enerji zonasına çevrilməsi yolunda mühüm addımdır.
Dövlət başçısının Almaniya səfəri, orda keçirilən rəsmi işgüzar görüşlər onu deməyə əsas verir ki, Azərbaycanın yaxın gələcəkdə Avropaya inteqrasiyası sahəsində mühüm irəliləyiş olacaqdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön