Ana Sayfa > Özəl > Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir
Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir27-03-2023, 11:29. Yazar: sevinc1 |
Bu böyük xoşbəxtlikdir.Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik.Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq. Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti zamanı deyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə demişdir: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir". Artıq üçüncü ildir ki,Azərbaycan xalqı Novruz bayramını Zəfər ruhunda qeyd edir. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev demişdi : “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Ulu Öndərin vəsiyyəti reallaşdı.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız həmin ərazilərdə Novruz bayramını ürək açıqlığı və könül xoşluğu ilə qeyd edir. Əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.Novruz bayramının işğaldan azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən qürurlu səhifələri sırasına daxil olur.Novruz ənənələrinin bərpa olunması ilə azad edilmiş torpaqlarımızda həyatın qaynadığını, quruculuq-bərpa işlərinin davam etdiyini görürük. Təbii ki,Dövlət başçımızın vurğuladığı kimi bütün bu xoşbəxtlikləri bizə bəxş edən şəhidlərimizdir. Azərbaycanın mərd, igid oğulları əcdadlarımızdan irsən keçən döyüş ruhunu, vətən eşqini, qalib olmaq əzmini bir daha nümayiş etdirdilər.Azərbaycan əsgərinin qanı və canı bahasına əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər olan və sonunda xalqımıza qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə hər birimiz minnət hissi duyuruq. İnanırıq ki, milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən Novruz bayramını gələn il də böyük ruh yüksəkliyi ilə qeyd edəcəyik. Azərbaycana bu bayram çox yaraşır! Gülpəri Məmmədli Famil qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |