Ana Sayfa > Gündəm > Deputat Nazirlər Kabinetinin illik hesabatına münasibət bildirib

Deputat Nazirlər Kabinetinin illik hesabatına münasibət bildirib


18-03-2023, 14:17. Yazar: sevinc1
Deputat Nazirlər Kabinetinin illik hesabatına münasibət bildirib

“2022-ci il qlobal siyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin, çətinliklərin yaşandığı, qlobal iqtisadi proseslərin ölkəmizin iqtisadiyyatına çoxşaxəli təsir etdiyi bir il olub. Buna baxmayaraq, Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində istər təhsil, istər sosial müdafiə, istərsə də gənclərlə iş sahəsində mütərəqqi işlər görülüb. “
Milli Məclisin deputatı Könül Nurullayeva mətbuata açıqlamasında Nazirlər Kabinetinin 2022-ci il üzrə hesabatı ilə bağlı fikirlərini bölüşərkən belə deyib.​ Deputat hesab edir ki, elm və təhsil sahəsində idarəetmənin və təhsil qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində​ uğurlu tədbirlər həyata keçirilib. O, şagirdlərin dərsliklərlə yanaşı təhsil proqramı ilə sıx bağlı olan nəşrlərlə ödənişsiz təmin edilməsini təklif edir.
Deputat həmçinin dövlət tərəfindən şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan​ xidmətlərin göstərilməsi ilə əlaqədar Vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradılmasını yüksək qiymətləndirir: “Sosial müdafiəyə daha çox vəsaitin ayrılması əhalinin sosial​ rifahının daha da yüksəldilməsinə və mövcud problemlərin qısa zamanda aradan qaldırılmasına təkan verir”.

Hər il olduğu kimi 2022-ci ildə də dövlət tərəfindən gənclərə yüksək diqqət və qayğı göstərildiyini bildirən K.Nurullayeva gənclərin hərbi qulluğa marağının artırılması və hərbi hazırlığının təmin olunması məqsədilə hərbi hazırlıq kurslarının yaradılması, bununla bağlı təlimlərin keçirilməsini təklif edir.
Deputat həmçinin Nizami rayonu üzrə həlli vacib olan sosial-iqtisadi məsələlərə də toxunub. Bildirib ki,
Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də, Keşlə qəsəbəsindən keçən Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir. Deputat 2023-cü ilin dövlət investisiya xərcləri çərçivəsində Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması, eyni zamanda vətəndaşların kollektiv müraciətini nəzərə alaraq vaxtı ilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus, E.Süleymanov küçəsi 137 və 139 saylı binaların tamamlanaraq başa çatdırılması, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsi, 250-dən çox ailənin yaşadığı Pəhlivan Fərzəliyev, Mətləb Ağayev küçələrinə​ kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müvafiq maliyyə vəsaitinin ayrılacağına ümid edir.

K.Nurullayeva həmçinin Nizami rayon sakinlərini narahat edən istilik probleminə də toxunub: “Nizami rayonunda yerləşən binalarda istilik sisteminin bərpa olunması üçün “Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda dəfələrlə müraciətlər edilib. Hər dəfə maliyə təminatının olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında nəzərə alınacağı bildirilib. Lakin növbəti investisiya proqramının zamanı haqda​ heç bir məlumat verilmir.”​
Deputat​ bu problemin həllinin də növbəti investisiya proqramında nəzərə alınacağına ümid edir.
Geri dön