Ana Sayfa > Gündəm > Novruz bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür

Novruz bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür


18-03-2023, 10:21. Yazar: sevinc1
Novruz bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və digər türk dövlətlərində Novruz mart ayında bayram kimi qeyd olunur.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” sözləri artıq reallıqdır. Azərbaycan xalqı bunun şahididir. Hər bir məsələdə Ulu Öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.
Azərbaycan xalqı ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz bayramını Azərbaycan xalqının müqəddəs milli irs hesab edən Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.”
Novruz sovetlər birliyi dövründə rəsmən qadağan edilsə də, Ümummilli Lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır.
2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir.
Novruz təkcə məişətdə deyil, siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi.. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”
Bəli, arzular, istəklər bir gün reallaşır. Bu arzu da məhz Müzəffər Ali Baş Komandanın əzmi, qətiyyəti, ordumuzun rəşadəti nəticəsində reallaşdı. İndi biz Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Öz mahiyyəti ilə sülh, əmin-amanlıq bayramı olan Novruz Azərbaycan xalqının mənəvi irsinin, Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Azərbaycan xalqı var olduqca bu bayram qeyd ediləcək, insanların mənəvi dünyasında öz yerini qoruyub saxlayacaqdır. Çünki bu bayram zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri

Geri dön