Ana Sayfa > Özəl > Gəncədə Novruz Bayramı böyük coşqu ilə qeyd olunub

Gəncədə Novruz Bayramı böyük coşqu ilə qeyd olunub


17-03-2023, 19:05. Yazar: sevinc1
Gəncədə Novruz Bayramı böyük coşqu ilə qeyd olunub

Baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan Novruz ulu Nizami yurdunda da təntənə ilə qeyd olunub.

aia.az bildirir ki, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında “Xarıbülbül ətirli Bahar Bayramı” adlı ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop və Nikoloz İaşvili, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə gəncəlilər və şəhərin qonaqları iştirak ediblər.
Öncə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra tədbir iştirakçıları “Gəncəsənət” – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisinə, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri və Gənclər Evinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırladığı təsviri incəsənət əsərlərindən ibarət sərgiyə, baxış keçiriblər.
Ümumşəhər tədbirində körpələr evi-uşaq bağçalarının kollektivlərinin, Gəncə pəhləvanlarının, həmçinin idmançıların güləş, takevando, bədii gimnastika və şahmat üzrə nümunəvi çıxıları izlənilib. Gəncə Uşaq Evinin, Uşaq İncəsənət Məktəbinin “Xəmsə" nağaraçalanlar ansamblının çıxışları, “Aşıq deyişmələri”, eləcə də Gəncə Dövlət Dram Teatrı kolektivinin Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladığı “Bazar meydanı” tamaşası maraqla qarşılanıb.
“Novruz süfrəsi”ndə bayram təamları və atributları nümayiş olunub.
Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını bildirblər. Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının, Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, yumurta döyüşdürülüb.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Novruz Bayramına həsr olunan musiqili proqram başlayıb.
Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistlərinin milli ruhda təqdim etdikləri mahnılar və “Xəmsə” mahnı və rəqs ansamblının rəqs nömrələri alqışlarla qarşılanıb.
“Cəngi” musiqisinin sədaları altında Novruz tonqalı alovlandırılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinləri ilə birlikdə bayram süfrəsi ətrafında nahar edib, onları Novruz Bayramı münasibətilə təbrik edərək, xoş arzularını bildirib.
Gəncəlilərin bolluq və firavanlığını, xoş güzəranını əks etdirən Novruz Bayramı şənlikləri beləcə yüksək əhval-ruhiyyədə, oynaq musiqi sədaları, boyük coşqu, fərəh, sevinc duyğuları ilə, sabaha daha böyük inam və əzmkarlıq ruhu ilə yekunlaşıb.

Azər Tağızadə
Geri dön