Ana Sayfa > Özəl > Novruz bayramı ölkə ərazisində hər il yüksək səviyyədə təşkil edilir.

Novruz bayramı ölkə ərazisində hər il yüksək səviyyədə təşkil edilir.


17-03-2023, 15:32. Yazar: sevinc1
Novruz bayramı ölkə ərazisində hər il yüksək səviyyədə təşkil edilir.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. 30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan xalqımızın ürəyində bir nisgil var idi.
Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa çevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı hər il ölkəmizdə xüsusi coşğu ilə bütün ölkədə konsertlər, tamaşalar keçirilməklə qeyd edilir. Bu bayramın əsas simvollarından olan keçəl və kosanın tamaşası bayrama xüsusi maraq qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin mübahisəsinin rəmzi bundan ibarətdir. Novruz bayramı Azərbaycan incəsənətində də mühüm yer tutmuşdur. Xalqımızın dahi sənətkarları Novruz bayramı haqqında müxtəlif şeirlər yazmış, mahnılar bəstələmiş, filmlər çəkmişlər. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur.
Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevdən vaxtı ilə müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır?" - sualına Heydər Əliyev "Novruz!" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Ulu Öndər Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Geri dön