Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”

Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”


17-03-2023, 12:28. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”

“Bütün siyasi fəaliyyəti ərzində milli maraqları hər şeydən üstün tutan dövlətimizin başçısı cənab İlham Əliyev bu gün dünyada əhəmiyyətli regional və beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır. Onun Qoşulmama Hərəkatının sədri olaraq pandemiya dövründə gördüyü işlər və bunun müsbət nəticələri hələ uzun illər beynəlxalq ictimaiyyətin müzakirə mövzusu olacaq. Bu gün dünyada müharibələr baş verir, sülh və sabitlik təhdid altındadır, yeni dünya düzəni formalaşır. Belə bir məqamda Prezidentimizin müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər dünyanın gələcəyi üçün son dərəcə yüksək qiymətləndirilir və onun dünya liderləri sırasında yer aldığını göstərir. Həmçinin bu gün dünya ağır enerji böhranının girdabındadır. Etiraf olunduğu kimi, bu problemin də aradan qaldırılmasında Azərbaycan mərkəzdə dayanan ölkələrdəndir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Həmçinin qeyd edək ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında münasibətlərin dərinləşməsində, təşkilatlanmasında, həmrəylik nümayiş etdirilməsində əhəmiyyətli işlər görür. Bu gün qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Bildiyimiz kimi, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutdu. Tədbir bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürüdür”, - Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, Fövqəladə Zirvə görüşündəki çıxışında dövlətimizin başçısı Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi: “Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi, təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi. Heydər Əliyev Fondu tərəfindən də qurumun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Bu nəcib missiya Fond tərəfindən bu gün də davam etdirilir. Həmçinin vətəndaşlarımız da bu məsələdə çox aktiv oldular, yardım toplama məntəqələrinə əşyalar gətirdilər, ianələr topladılar. Yeri gəlmişkən xatırladım ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da qardaş ölkədən öz dəstəyini əsirgəmədi. Belə ki, AHİK zəlzələ zonasında evsiz-eşiksiz qalmış insanlar üçün 10 ədəd konteyner ev göndərdi. Bundan başqa, zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 000 manat vəsait köçürdü”.
“Dövlətimizin başçısı həmçinin çıxışında bölgədəki vəziyyət, o cümlədən Ermənistanın hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmaması, Qarabağda qanunsuz erməni dəstələrinin qalması, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikdən yayınması faktlarını türkdilli ölkələrin dövlət başçılarının diqqətinə çatdırdı. Təbii ki, məğlub ölkə olaraq kapitulyasiya aktına imza atan Ermənistan öhdəlikləri yerinə yetirməlidir. Anlamalıdırlar ki, bütün bu məsələlərdə Azərbaycan Prezidenti prinsipial mövqe ortaya qoyub. Belə ki, dövlətimizin başçısı uzun illər Ermənistanı sülhə dəvət etdi, amma işğalçı ölkənin bundan boyun qaçırmasının nəticələri hamıya bəllidir. Ona görə də baş verən hadisələrdən dərindən dərs çıxarmalı, öhdəlikləri yerinə yetirməlidirlər”, - AHİK sədri vurğulayıb.

Səttar Möhbalıyev sonda əminliyini ifadə edib ki, Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək və bu da TDT-nin daha güclü və nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.
Geri dön