Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri ölkəmizin bütün hallarda öz prinsipial mövqelərini qoruya bilməsində müstəsna rol oynayır”

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri ölkəmizin bütün hallarda öz prinsipial mövqelərini qoruya bilməsində müstəsna rol oynayır”


16-03-2023, 14:35. Yazar: sevinc1
Novruzəli Aslanov: “Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri ölkəmizin bütün hallarda öz prinsipial mövqelərini qoruya bilməsində müstəsna rol oynayır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin mart ayının 13-14-də Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti və Kansleri ilə keçirdiyi görüşlərdə müzakirə olunan əsas mövzulardan birinin məhz Ermənistan-Azərbaycan münasibətləri barədə olması Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında Almaniyanın xüsusilə maraqlı olduğunu deməyə əsas verir. Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təhlükəsizliyinə necə böyük təhdidlər törətdiyini bu gün bütün dünya müşahidə edir. Bu hadisələrin fonunda yeni enerji mənbələri axtaran Avropa İttifaqının nəzərlərini Azərbaycana yönəltdiyi də anlaşılandır. Ölkəmiz zəngin enerji resurslarına malikdir və eyni zamanda da Azərbaycan müstəqil praqmatik xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən dövlətdir. Təbii ki, ölkəmizdə hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik də Avropanın seçiminə təsir edən əsas amillərdəndir. Bütün bunlar Azərbaycanı Avropa İttifaqı üçün əsl etibarlı tərəfdaşa çevirib. Belə olan halda ölkəmizin yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olması da əlbəttə ki, Avropa ölkələtinin, o cümlədən Almaniyanın maraqlarına cavab verən məqamdır. Martın 14-də təkbətək görüş başa çatandan sonra Azərbaycan və Almaniya dövlət başçılarının geniş tərkibdə görüşü zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısı ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparıldığını və sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu bildirdi. Almaniya Prezidenti həmçinin ölkəsinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini, eləcə də ABŞ-ın Dövlət katibi Antoni Blinkenin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verdiyini bildirdi. Ən əsası, açıqlamada Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəklədiyi vurğulandı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat bildirib ki, bu gün Avropada Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrin sayının getdikcə artmasını şərtləndirən bir neçə mühüm amil mövcuddur ki, onların da ən əsası Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünülmüş, praqmatik xarici siyasət strategiyasıdır: “Təbii ki, ölkəmizin zəngin təbii sərvətləri və ilk növbədə enerji resursları Avropa üçün çox cəlbedicidir. Xüsusən də bu gün, köhnə qitə əsl enerji böhranı təhdidi altında olduğu bir vaxtda Azərbaycanın potensialı diqqətləri ölkəmizə çəkməyə bilməz. Lakin birmənalı olaraq demək lazımdır ki, enerji resurslarına sahib olmaq hələ heç də xaricdə etibarlı dost və tərəfdaşların, ölkə daxilində isə stabillik və inkişafın olacağına təminat vermir. Əksinə, dünya təcrübəsi göstərir ki, bəzi ölkələr və xalqlar üçün zəngin təbii resurslar bir çox fəlakətlərə yol açıb. Lakin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici və daxili siyasət kursu, o cümlədən effektiv və balanslaşdırılmış enerji siyasəti Azərbaycanı bu kimi bəlalardan yan keçirə bildi. Məhz bu siyasi strategiya Azərbaycanı bu gün dünyada öz layiqli yeri və nüfuzu olan ölkələr sırasına çıxarıb. Həmçinin belə bir vacib məqamı da vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin bir dövlət başçısı və siyasi xadim olaraq şəxsi keyfiyyətləri ölkəmizin ən mötəbər beynəlxalq platformalarda öz prinsipial mövqelərini qoruya bilməsində müstəsna rol oynayır. Məhz dövlət başçımızın sarsılmaz qətiyyəti, güclü siyasi iradəsi, dərin bilikləri və yüksək intellekti dünyanın aparıcı siyasi dairələrinin Azərbaycanı ciddi aktor kimi qəbul etməsinə səbəb olmuşdur. Cənab Prezidentin Almaniyaya son səfəri zamanı biz bir daha bunun şahidi olduq. Dövlətimizin başçısı bir daha tam olaraq Azərbaycanın maraqlarına uyğun mövqelərdən çıxış edərək bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması vacibdir və eyni zamanda da bu müqavilə məhz Azərbaycanın irəli sürdüyü prinsiplərə əsaslanmalıdır. Cənab Prezident İlham Əliyev beynəlxalq hüquqa uyğun olan beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü və iki ölkə arasında sülh müqaviləsinin yalnız bu prinsiplər əsasında imzalana biləcəyini vurğuladı. Azərbaycanın mövqeyinə bir daha aydınlıq gətirən dövlət başçısı bu mövqeyin iki yanaşmadan ibarət olduğunu diqqətə çatdırdı. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir. Eyni zamanda cənab Prezident dövlətimiz tərəfindən müəyyən olunmuş nümayəndənin martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşdüyünü, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunduğunu bildirməklə, bu məsələnin sırf ölkəmizin daxili işi olduğunu və bunun nə Ermənistanla, nə də heç bir başqa ölkə və ya beynəlxalq təşkilatla müzakirə edilməyəcəyini bəyan etmiş oldu. Yeri gəlmişkən bu faktı da qeyd edək ki, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuat konfransında bir daha bəyan etdi ki, Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və “Dağlıq Qarabağ”ı respublika kimi tanımayıb. Həmçinin cənab Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirdi və separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu, separatist meyillərə münasibətdə vahid mövqeyin nümayiş etdirilməsinin vacibliyini vurğuladı.”

Daha sonra N.Aslanov martın 13-də Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşünün Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyini vurğulayaraq bunları deyib: “Azərbaycan artıq neçə müddətdir ki, enerji sahəsində Avropa ilə əməkdaşlıq edir və bu müddət ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib. Bu gün qitənin enerji təhlükəsizliyinə yönəlmiş və getdikcə daha çox böyüyən böhran təhdidi fonunda Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. Əgər 2021-ci ildə Avropaya Azərbaycandan 8 milyard kubmetr qaz ixrac edilirdisə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Həmçinin gələcək illərdə ölkəmiz öz ixrac coğrafiyasını Avropada genişləndirmək istəyir. Bütün bunlar təbii ki, Avropanın, o cümlədən Almaniyanın işgüzar dairələri tərəfindən izlənilir, təhlil edilir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Azərbaycan isə bu tələbatı da nəzərə alaraq, enerji satışından əldə etdiyi gəlirləri nəqliyyat infrastrukturuna yönəltməklə bu problemin də həllinə mühüm töhfələr vermiş olur. Digər tərəfdən də ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti alman biznesinin təmsilçilərinə yaxşı məlumdur. Beləliklə, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün hər cür şərait və möhkəm zəmin mövcuddur. Heç şübhəsiz cənab Prezident İlham Əliyevin martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü də bu məqsədə xidmər edir. Almaniyanın 30-yaxın aparıcı şirkətinin təmsilçilərinin iştirak etdiyi və iki saat davam edən bu görüş Azərbaycana, Azərbaycan iqtisadiyyatına, yaranmış yeni imkanlara Almaniya biznesi tərəfindən böyük diqqət və marağın olduğunu nümayiş etdirdi. Dövlət başçımızın sa öz çıxışında dediyi kimi, biznes imkanları çox genişdir. Bu səbəbdən də cənab Prezident almaniyalı iş adamlarını gələcək biznes imkanlarını yaxından, müvafiq qurumlarla birbaşa təmaslar əsnasında incələmələri üçün Azərbaycana dəvət etdi. Əminliklə deyə bilərik ki, bu görüş və ümumilikdə cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni, daha məhsuldar səviyyəyə keçidi üçün mühüm addım olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön