Ana Sayfa > Qərbi Azərbaycan > Tarix İslamov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının banisidir”
Tarix İslamov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının banisidir”13-03-2023, 16:54. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu il bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milli azərbaycançılıq məfkurəsinin müəllifi, xalqın xilaskar oğlu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü tükənməz sevgi və sonsuz ehtiram hissi ilə qeyd edəcək. Ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, müstəqil dövlətimizin yaradıcısı, qurucusu olan Ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub. Ümummilli lider 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirməyə, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf etməyə, aradan qaldırmağa başladı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrildi.” Bu sözləri aia.az verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon Mərkəzi Xəstəxanası Ərazi partiya təşkilatınının sədiri, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tarix İslamov deyib. Tarix İslamov qeyd edib ki, Ulu öndər ötən əsrin 70-80-ci illərində həyata keçirdiyi milli inkişaf strategiyasının tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib: “Dahi rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı və qayğı göstərdiyi vacib məsələlərdən biri də respublikanın səhiyyə sahəsində kadr potensialının möhkəmləndirilməsi, elmlər doktorları və namizədlərin hazırlanması idi. Həmin dövrdə kadr çatışmamazlığı səhiyyə sistemində ən böyük problemlərdən idi. Bütün bunları təhlil edən Ulu öndər Heydər Əliyev bu problemi Səhiyyə Nazirliyinin, Tibb İnstitutunun və Elmlər Akademiyasının rəhbərliyi ilə müzakirə edərək vəziyyətdən çıxış yollarını araşdırdı və həmin qurumlar qarşısında konkret vəzifələr qoydu. Bununla kifayətlənməyən ulu öndər ozamankı SSRİ Səhiyyə Nazirliyinin, Tibb Elmləri Akademiyasının rəhbərləri ilə də danışıqlar apararaq elmi-pedaqoji kadrların hazırlanması işində respublikaya kömək göstərmələrini xahiş etdi. Məsələ onda idi ki, bu problemə diqqət o qədər azalmışdı ki, hətta rəsmi doktorantura yüksək ixtisaslı elmi-pedaqoji kadrlar hazırlama strukturu kimi ləğv edilmişdi. Odur ki, əvvəlki mərhələlərdə vaxt itirməmək məqsədilə seçilmiş istedadlı gənc kadrlar doktorluq dissertasiyası yerinə yetirmək üçün ulu öndərin tapşırığı ilə elmi-tədqiqat mərkəzinə baş elmi işçi vəzifəsinə keçirilir və Moskvanın, Leninqradın, Kiyevin, Minskin, Xarkovun və digər şəhərlərin güclü elmi mərkəzlərinə "iş yerlərinə" ezam edilirdilər. Moskvaya və digər şəhərlərə oxumağa göndərilmiş gənclərə Heydər Əliyev əsl atalıq qayğısı göstərirdi. Demək olar ki, hər il, bəzən ildə bir neçə dəfə onları Moskvada toplayır, diqqətlə arzu və təkliflərini dinləyir, yerindəcə aidiyyəti qurumlara göstərişlər verirdi. Əlaqələri möhkəmləndirmək üçün SSRİ Tibb Elmləri Akademiyasının səyyar sessiyalarının, beynəlxalq, ümumittifaq konfrans, simpozium, konqreslərin Bakıda yüksək səviyyədə keçirilməsinə nəinki şərait yaradır, hətta həmin tədbirlərin keçirilməsini öz nəzarətinə götürür, çox vaxt şəxsən iştirak edir, təbrik məktubu göndərir, qonaqları yüksək səviyyədə qəbul edir, onlardan yeganə xahişi isə gənclərimizə diqqət və qayğı ilə yanaşmaqdan, tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə şərait yaratmaqdan ibarət olurdu. Çox keçmədi ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi ilə SSRİ miqyasında doktorantura sistemi bərpa edildi və onlarla perspektivli gənc tibb kadrları SSRİ-nin qabaqcıl ali tibb məktəblərində, elmi-tibbi mərkəzlərdə doktorluq dissertasiyası müdafiə etməklə yanaşı, həm də yaxşı klinisist məktəbi keçərək respublikaya qayıtdılar. Bu gün Azərbaycan səhiyyəsində çalışan alimlərimizin böyük əksəriyyəti məhz həmin dövrdə yetişmiş kadrlardır.” Daha sonra T. İslamov Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə respublikamızda inşa olunmuş çox sayda səhiyyə obyektlərindən bəhs edərək bunları deyib: “Həmin illərdə Azərbaycanda yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradıldı. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi Ulu Öndərin iştirakı ilə keçirildi və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görüldü. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi Ulu Öndərin səyi nəticəsində mümkün oldu. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi. Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədəki problemlərin müzakirəsini aparır, onların həlli yollarını peşəkarcasına göstərirdi. Ulu öndərin fəaliyyətinin Moskva dövrü də səhiyyənin inkişafı baxımından çox əhəmiyyətli idi. Heydər Əliyevin tibb elmində, tibb sənayesində və bütövlükdə səhiyyə sistemində elmi-texniki tərəqqinin sürətləndirilməsi, Azərbaycan təcrübəsinə əsaslanaraq SSRİ əhalisinin kütləvi dispanserizasiyası və səhiyyə sistemində iqtisadi islahatlar keçirilməsi təşəbbüsü ilə çıxış etməsi onun qlobal düşüncə tərzindən, hər bir problemi köklü surətdə həll etmək bacarığından xəbər verirdi.” Fikirlərini davam etdirən Tarix İslamov ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına daha çox diqqət və qayğı göstərdiyini vurğulayıb: “1993-cü ilin iyununda - mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıb. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürüb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilib. 1993-2003-cü illərdə məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulub. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə verib. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırmaların təşkilində də müsbət dəyişikliklər olub. Bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz cənab Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdar haldır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi önəmin göstəricisidir”, - deyə baş həkim Tarix İslamov fikirlərini tamamlayıb. Geri dön |