Ana Sayfa > Özəl > Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir
Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir13-03-2023, 15:41. Yazar: sevinc1 |
Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan, Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur. Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Cənab Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində üç böyük toplantı təşkil olundu. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir. Geosiyasi qütbləşmənin artdığı, ziddiyyətlər və qarşıdurmaların şiddətləndiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda qlobal gündəliyin ən aktual məsələləri xüsusi müzakirə obyektinə çevrilir. Cənab Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Qlobal Bakı Forumu kimi mötəbər platformalar reallıqların, xüsusilə də postmüharibə dövründə sülh və təhlükəsizliklə əlaqədar mühüm məqamların dünyanın diqqətinə çatdırılması, ölkəmizin strateji maraqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu ilki tədbirdə də cənab Prezident İlham Əliyevin həm keçirdiyi görüşlər zamanı, həm də Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi böyük önəm daşıyır. Bütövlükdə, X Bakı Qlobal Forumu cənab Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Kənan İslamov Geri dön |