Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan Pediatrlar Assosiasiyası ölkəmizi Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib
Azərbaycan Pediatrlar Assosiasiyası ölkəmizi Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib13-03-2023, 11:19. Yazar: sevinc1 |
Ötən həftə Rusiya pediatriyasının banilərindən biri G.N.Speranskinin 150 illik yubileyinə həsr olunmuş “Pediatriyanın aktual problemləri” mövzusunda Rusiya Pediatrlarının XXIV Konqresi keçirilib. Ümumilikdə dünyanın müxtəlif ölkələrindən 7000-dən çox nümayəndənin iştirak etdiyi konqres çərçivəsində çoxlu sayda elmi simpoziumlar, forumlar və seminarlar təşkil edilib. Ölkəmiz də konqresdə təmsil olunub. Hibrid formatda olan bu tədbir çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində "Müasir pediatriyanın aktual problemləri" simpoziumunda Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə "Tibbi təhsildə bioetikanın rolu" mövzusunda məruzə ilə çıxış edib. Həmçinin simpoziumda assosiasiyanı təmsil edən - ATU-nun I Uşaq xəstəlikləri kafedrasının professoru, t.e.d., Səbinə Qarayevanın, Il Uşaq xəstəlikləri kafedrasının dosentləri, t.ü.f.d., Fəxriyyə Məmmədovanın və t.ü.f.d., Ülviyyə Hacıyevanın, həmin kafedranın əməkdaşı, t.ü.f.d., Sevinc Muxtarovanın və başqalarının COVID-dən sonrakı dövrdə uşaqlarda keçici miokard işemiyasının diaqnozu, yeni doğulmuşlarda ağciyər patologiyasının diaqnozunda ultrasəsin rolu, körpələrdə çəki problemi və uşaqlarda birləşdirici toxuma displaziyası mövzularına dair məruzələri dinlənilib. Konqresdə aparıcı yerli və xarici ekspertlər tərəfindən pediatriyanın aktual problemləri, uşaqların effektiv profilaktikası, diaqnostikası, müalicə və reabilitasiyasında müasir yanaşma və digər bu kimi istiqamətlərdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi strategiyalarına dair məsələlər müzakirə edilib, məruzələr təqdim olunub. Ənənəvi olaraq tədbirdə uşaq həkimləri, uşaq tibb bacıları, pediatriya sahəsində tibb və təhsil təşkilatları, habelə uşaqların sağlamlığının qorunmasında mühüm xidmətləri olan elm xadimləri, dövlət və ictimai xadimlər Rusiya Pediatrlar İttifaqının fəxri mükafatlarına layiq görülüblər. Geri dön |