Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “ Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması vacib məqamdır”

Eltun Süleymanov: “ Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması vacib məqamdır”


11-03-2023, 12:30. Yazar: sevinc1
Eltun Süleymanov: “ Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması vacib məqamdır”

“Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.
Bu günlərdə baş tutan X Qlobal Forum da bu qəbildən olan tədbirlərdən biridir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etməsi bu təşkilatın nüfuzundan xəbər verir.
Forumun açılışında geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yarandığı vaxtdan bir çox qlobal məsələləri müzakirə etdiyini və konkret fəaliyyət istiqamətləri ilə seçildiyini bildirdi. Cənab Prezident bu gün dünyanı və bəşəriyyəti narahat edən bir sıra məsələlərə, o cümlədən, regionumuzda baş verən proseslərə münasibətini bildirdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd etdi ki, “Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi həm də ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. Bu mənada cənab Prezidentin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi kimi meydana çıxan, bir sıra dairələrin marağını cəlb edən bu beynəlxalq səviyyəli toplantı çox mühüm məsələləri müzakirə etməklə bərabər, həm də regionda baş verən hadisələrin düzgün işıqlanıdırlmasına, obyektiv qiymət verilməsinə imkan yaradır. Forum Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki dolğun çıxışı ilə də yaddaqalan olub. Dövlət başçısı postmünaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açıb. Ermənistanın və onun dəstəkçilərinin yeni reallıqla bağlı təxribatçı addımlarının tam əsassızlığını bəyan edən Prezident Azərbaycanın qarşı tərəfdən fərqli olaraq, bundan sonra da real sülh şərtlərinə uyğun həqiqi addımlar atmağa hazır olduğunu vurğulayıb: “Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur “
Bununla yanaşı, Prezident Azərbaycanın təkcə özünün problemləri ilə bağlı deyil, pandemiya kimi ümumbəşəri və qlobal problemlərdə də aktiv roluna toxunub, bundan sonra da bu bəladan qurtulmaqla bağlı müsbət addımların atılması üçün dünyanın yanında olacağımızı vurğulayıb: “Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.”

Eltun Süleymanov qeyd edib ki, “bu gün dünyanı düşündürən və narahat edən problemlərdən biri də enerji təhlükəsizliyi problemidir. Rusiya-Ukrayna müharibəsi dünyaya yeni reallıqlar diktə etməklə yanaşı, həm də belə problemlərin yarandığı zaman ondan çıxış yolları axtarmaq zərurətini diqtə edir. Bu vəziyyətdə Azərbaycanın geosiyasi şəraiti və imkanları diqqət mərkəzinə gəlmiş, regionun ən inkişaf etmiş və güclü dövləti ilə əməkdaşlıq zərurəti meydana çıxmışdır. Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. Bu məsləyə toxunan cənab İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək”
Müsahibimiz son olaraq qeyd etmişdir ki, “ Hazırda zamanın və şərtlərin lehimizə işlədiyi postmünaqişə dönəmində tarixi qələbəmizi tam rəsmiləşdirmək və regionla bağlı ortaya qoyduğumuz yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün belə mötəbər tribunaların rolu əvəzolunmazdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev çevik, uzaqgörən və gələcəyə hesablanmış siyasəti ilə bu prosesin idarəçisi kimi dünya siyasətində qəbul edilən lider olaraq proseslərin önündə gedir. Forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da bunun bariz nümunəsidir.”
Geri dön