Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyası müasir müstəqil Azərbaycanın bütün uğurlarının əsasında durur

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyası müasir müstəqil Azərbaycanın bütün uğurlarının əsasında durur


11-03-2023, 11:52. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyası müasir müstəqil Azərbaycanın bütün uğurlarının əsasında durur

XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev əslində bu tarixin ən şərəfli səhifələrinin müəlliflidir. 2023-cü ilin Azərbaycanda Ulu öndərimizin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması da xalqımızın öz xilaskar oğlunun əziz xatirəsinə olan sonsuz ehtiramının bariz təzahürüdür. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1993-cü ilim 6 iyul tarixində Rusiyanın “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində Ulu öndər demişdi: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” Lakin bu müstəqillik boş yerdə əldə olunmamışdı. Ulu öndər məhz sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıraraq əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi.

Lakin öz müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycan yenidən həm suverenliyini, həm də ümumiyyətlə vahid ölkə olaraq mövcudluğunuitirmək təhlükəsilə üz-üzə qalmışdı. 1991-ci ildə ölkədə yaranmış qarışıqlıq sayəsində hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ müharibəsi də arxa plana keçmişdi. Bu çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas həlledici amili oldu. Həmin dövrdə ilk növbədə daxili separatçı qüvvələrin zərərsizləşdirilməsini həyata keçirən və bununla da ölkənin kiçik marionet dövlətlərə parçalanmasının qarşısını alan Ulu öndər 13 avqust 1993-cü il tarixində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündə demişdi: “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” Əlbəttə ki, bu, ölkənin və xalqın tarixində artıq geri dönüşü olmayan bir fəlakət ola bilərdi. Lakin Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. 1993-cü il sentyabr ayının 21-də Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı etdiyi çıxışında ümummilli lider ölkəmizin gələcəyi barədə bu tarixi kəlamları demişdi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Bundan sonra ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratdı. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ümummilli liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.

Azərbaycan xalqı və dövləti Ulu Öndərin siyasi mirasına hər zaman sadiq olub. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın 44 gün ərzində apardığı və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdiyi II Qarabağ savaşının nəticələri də ölkəmizdə Heydər Əliyev siyasi xəttinin alternativsizliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1999-cu ilin fevral ayının 26-da, Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini Prezident iqamətgahında təqdimetmə mərasimində söylədiyi nitqində Ulu öndər demişdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” Son dərəcə qürurverici bir haldır ki, xalqımız öz ümummilli liderinin 100-cü doğum gününü qalib ölkənin qalib xalqı kimi qeyd edəcək. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatnın sədr müavini

Geri dön