Ana Sayfa > Özəl > Azərbaycan xalqı öz taleyini Ulu Öndərə etibar etməklə ən müdrik qərarını verdi

Azərbaycan xalqı öz taleyini Ulu Öndərə etibar etməklə ən müdrik qərarını verdi


10-03-2023, 15:46. Yazar: sevinc1
Azərbaycan xalqı  öz taleyini Ulu Öndərə  etibar etməklə ən müdrik qərarını verdi

Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və buna nail oldu. Bununla Azərbaycanın müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi.
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmış, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Qərb yeni müstəqil dövlətlərin ozünəmxsusluğunu qəbul etmək istəmirdi. Bu xüsusiyyət onlar üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər. Bu tələyə düşənlər az sonra acı nəticələrlə üzləşmək zorunda qaldılar. Təəssüf ki, Azərbaycan da 1991-ci ildən 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi. Üstəlik, havadarlarının böyük yardımı ilə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini ardıcıl işğal edirdi. Ölkəyə o dövrdə rəhbərlik edən qüvvələr isə peşəkar olmadıqlarından, eləcə də öz ambisiyalarının öhdəsindən gələ bilmədiklərindən, şəxsi maraqlarını milli mənafelərdən üstün tutduqlarından vəziyyəti daha da gərginləşdirirdilər. Getdikcə daha çox xaosa yuvarlanan Azərbaycan vətəndaş müharibəsi meydanına çevrilmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir məqamda dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini dərk edən Azərbaycan xalqı öz gələcək taleyini Ulu Öndərə etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda Ümummilli Liderimizin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Ulu Öndər müstəqil dövlətçilik məfkurəsinin işığında apardığı bu mübarizənin sonunda inkişaf etmiş Azərbaycan dövlətinin qurulacağını vurğulayaraq demişdir: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”.
Azərbaycan xalqı bu il özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması da bütün xalqımızın iradəsinin ifadəsi oldu. Bu gün Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. Xüsusən, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda vahid bir ölkə kimi varlığını qoruyub saxladı.
Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varis yetişdirməsi isə onun Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Heydər Əliyev öz siyasi varisini dəqiq müəyyənləşdirdi, tarix də göstərdi ki, dahi rəhbər hər zaman olduğu kimi, haqlı çıxdı. Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilir. Ulu Öndərimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyərək dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın bu məqsədə nail olacağına bir an belə olsun şübhə etməmişdi. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi.

Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi




Geri dön