Ana Sayfa > Özəl > Dövlətimizin başçısı bir daha dünyaya mesaj verdi ki, biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik
Dövlətimizin başçısı bir daha dünyaya mesaj verdi ki, biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik10-03-2023, 09:12. Yazar: sevinc1 |
Artıq bir neçə ildir ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək kimi bir missiya həyata keçirir. Bu ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi çəkisi olan siyasi lider kimi qəbul edilməsindən və siyasi proseslərə çevik, ədalətli reaksiyasından irəli gəlir. Etibarlı tərəfdaş kimi tanınan cənab Prezidentin uzaqgörən siyasəti, sözünün qiymətini və çəkisini bilən bir şəxsiyyət olması dünya liderləri tərəfindən qəbul edilən bir həqiqətdir. Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında cənab Prezident qeyd etmişdir ki, “2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq.” Qeyd etmək lazımdır ki bu müddətdə Azərbaycan bir dövlət kimi öz vəzifələrini layiqincə yerinə yetirmişdir. Cənab Prezidentin baş verən bütün proseslərə çevik və ədalətli reaksiyası indi dünyada məmnunluq doğurur. Bir dövlət başçısı kimi dünyaya sülh çağırışı edən, çətinliklə üzləşən hər kəsə yardım əlini uzatması, dünya düzəninin sabitliyi uğrunda mübarizəsi, daxili siyasətdə özünün dediyi kimi “bütün xalqın prezidenti” olması ölkəmizin siyasi nüfuzunu xeyli yüksəldib. 2020-ci ildə pandemiyanın doğurduğu qlobal çətinliklərin aradan qaldırılması, “peyvənd millətçiliyi” adlı xoşagəlməz tendensiyaya qarşı kəskin mövqeyi Qoşulmama Hərəkatının üzvü olan dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik şurasının qərarlarının məcburiliyini xatırladan cənab prezident qeyd etmişdir ki, bu təşkilatda ikili standartların olması təəssüf doğurur. Məhz bu ikili yanaşmanın nəticəsi olaraq Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmışdır. İlk dəfə 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı təcavüzə məruz qalmış ölkə-Azərbaycan tərəfindən təkbaşına həyata keçirilmiş, erməni qəsbkarları torpaqlarımızdan qovulmuşdur. Bu zaman Azərbaycanı üzvü olduğu Qoşulama Hərəkatının birmənalı dəstəkləməsi əlbəttə ki, dövlətimizin, onun rəhbərinin düzgün və məqsədyönlü siyasəti nəticəsində olmuşdur. Cənab İlham Əliyev bunu əsas götürərək BMT təhlükəsizlik Şurasında Qoşulmamam Hərəkatına bir daimi yerin verilməsi və sədrlik edən dövlət tərəfindən üzlüyün həyata keçirilməsi təklifi də ciddi maraq doğurmuşdur. Cənab Prezidentin çıxışında qeyd etdiyi:” Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir ” fikri bu gün bəşəriyyəti düşündürən problemlərdən biridir. Ona görə də dayanmadan əks prosesi başlatmaq, daha mübariz çağırış olan ədalət və milli suverenliyə hörmət uğrunda mübarizə aparmaq lazımdır. Cənab prezident sözdə özünü demokratik dəyərlərə sayğılı göstərən, əslində isə işğalçı Ermənistana hər cür yardım və qayğı göstərən Fransanın siyasətini kəskin tənqid edərək ona layiq olduğu mövqeni bir daha göstərmiş oldu. Və bu çıxışla erməni havadarlarının diqqətinə çatdırıldı ki, Azərbaycan bu haqq savaşından geri çəkilməyəcəkdir. Ona görə də Fransa və onun kimi siyaət yürüdənlər anlamalıdırlar ki, özgənin gözündə tük axtarmaqdansa öz gözlərindəki tiri görsünlər. Dünya indi XX əsrdən çox fərqlidir. İndi kimin kim olduğu məlumdur. “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”-deyə cənab İlham Əliyev qəti mövqe ortaya qoymuş oldu. Çıxışında iqlim dəyişikliklərinin müharibələrdən də çox təhlükəli olduğunu diqqətə çatdıran cənab Prezident:“İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər” -deyə hamını bu sahədə qüvvələri birləşdirməyə və bəşəriyyəti, Yer kürəsini qorumağa səslədi. Bu çıxış göstərdi ki, cənab İlham Əliyev təkcə öz ölkəsini yox, bütün bəşəriyyəti düşünən, hamımızın birgə evi olan Yer kürəsini düşünür. Bəşəri ideyalarla dünyaya səslənən lider kimi ilk növbədə öz əlimizdə olan ədalətli dünya düzəni istəyi ilə ölkəmizi, xalqımızı dünyaya bir daha tanıtdıran rəhbərimiz bu gün həyata keçirdiyi bərpa -quruculuq işlərinin gedişi haqqında məlumat verərək bildirdi: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.” Çıxışını “Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir”-deyə sonlandıran cənab Prezident bir daha Azərbaycanın öz mövqeyində qaldığını və daim ədalətin yanında olacağını göstərdi. Görüşdə iştirak və çıxış edən BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanın “Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edən Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsü təqdirəlayiqdir. Azərbaycanın gənclərlə iş sahəsində - 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi və Hərəkatın Gənclər Şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüslərini də təqdirəlayiq hesab edirəm”-deyə söyləməsi cənab Prezidentin Hərəkatda həyata keçirdiyi siyasətin önəmini bir daha təsdiqləmiş oldu. Dövlətimizin başçısı bir daha dünyaya mesaj verdi ki, biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri Geri dön |