Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Çoxpartiyalı parlamentin formalaşması Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasi islahatların tərkib hissəsidir”
Novruzəli Aslanov: “Çoxpartiyalı parlamentin formalaşması Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasi islahatların tərkib hissəsidir”9-03-2023, 12:00. Yazar: sevinc1 |
“2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. Dövlətimizin başçısı parlamentdə hər zaman olduğu kimi, dərin məzmunlu və əhatəli çıxış etmişdi. İlk növbədə həmin çıxışda qeyd olunmuşdu ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu vurğulamışdı. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi. Sözsüz ki, altıncı çağırış Milli Məclisin önəmli fərqli cəhətlərindən biri onun çoxpartiyalı olmasıdır. Bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində yeni parlamentin böyük rolu vardır. Bütün bunlar cənab Prezident İlham Əliyevin çıxışında öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, bütün siyasi qüvvələr 2020-ci ilin mart ayının 9-da keçirilmiş seçkilərdə rəqabət mühitində iştirak etmək imkanı əldə etmişdilər. Bu gün müxalifət partiyalarının nümayəndələri parlamentin və komitələrin rəhbərliyində təmsil olunurlar. Əlbəttə ki, bu mütərəqqi addım da məhz möhtərəm dövlət başçımızın təşəbbüsü ilə atılmışdır və ölkədə həyata keçirilən uğurlu siyasi islahatların bir parçasıdır. Bu fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək baxımından xüsusilə böyük əhəmiyyət kəsb edir.” Bu sözləri aia.az-a açqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Daha sonra deputat qeyd edib ki, bu gün cəmiyyətin və dövlətin qarşımızda duran əsas məsələlərdən biri də gənc nəslin vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələə hörmət ruhunda tərbiyə olunmasıdır: “Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əsl vətənpərvərlik prinsipləri əsasında formalaşmış gəncliyin sayəsində fədakarlığı, qəhrəmanlığı sayəsində zəfər qazandı. Bu gənclik ilk növbədə ölkəmizdə 2003-cü ildən bəri cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu strategiyanın nəticəsi olaraq yetişmişdir. Dövlət başçısının altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Cənab Prezident öz çıxışında bir daha qeyd etdi ki, milli-mənəvi dəyərlərimizin, mütərəqqi ənənələrimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində, əlbəttə, qanunvericilikdə yeni addımlar atılmalıdır.” Həmçinin N.Aslanov beynəlxalq əlaqələrin gücləndirilməsi, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində parlamentdə görülən işlərin həm həcminin, həm də effektivliyinin artırılmasının vacibliyi barədə Prezident İlham Əliyevin tövsiyyələrinin əhəmiyyətini qeyd edərək bunları deyib: “Heç şübhəsiz bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Hazırda Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır ki, bu da Aİ ölkələrinin üçdə biri deməkdir. Bundan başqa Azərbaycan Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çox önəmli rol oynayır. Həmçinin Azərbaycanın bütün müsəlman aləmində böyük nüfuzu vardır. Beləliklə, uğurlu xarici siyasət nəticəsində Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib. Bütün bu baş verənlərin fonunda əlbəttə ki, bu gün Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmsil edən deputatlar da daha fəal olmalı, daha effektiv fəaliyyət göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, o təşkilatlarda ki, Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada daha mübariz olmalıyıq. Dövlətimizin və xalqımızın maraqlarını daha qətiyyətli şəkildə müdafiə etməli, ölkəmizin mövqeylərinin möhkəmləndirilməsi üçün daha böyük əzmkarlıq nümayiş etdirməliyik”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |