Ana Sayfa > Seçki 2024 > Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir


8-03-2023, 15:33. Yazar: sevinc1
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdir.
Dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycan qadınlarının həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Bu Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, məşğul əhalinin ümumi sayının ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin isə 62,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,2 faizi qızlardır. Gender bərabərliyi deyəndə cəmiyyətdə qadın və kişinin sosial-siyasi bərabərliyi nəzərdə tutulur. Beləliklə, zəngin mənəviyyatlı cəmiyyətin qurulması cinsindən asılı olmayaraq, bütün insanların müxtəlif sosial-siyasi həyat şəraiti seçmələrinə imkan verən imkanın yaradılmasından asılıdır.
Qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın bayramıdır. Artıq onlar beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Azərbaycan qadının istənilən uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır.

Aytən Ağalarova,
Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru, YAP fəalı


Geri dön