Ana Sayfa > Seçki 2024 > Qanunvericilikdə dünyəvilik prinsipi

Qanunvericilikdə dünyəvilik prinsipi


7-03-2023, 14:44. Yazar: sevinc1
Qanunvericilikdə dünyəvilik prinsipi

Dünya  tarixinin keçdiyi inkişaf mərhələlərinin ən böyük amili insan hüquqlarına hörmət amilidir. İnsan hüquqlarına hörmət anlayışının kəşfi bəşər sivilizasiyasının qazandığı nailiyyət və cəmiyyətin demokratikliyini təsdiq edən əsas atributlardan biri sayılır. Bu gün Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, eyni zamanda, müdafiə edildiyi demokratik ölkələr sırasındadır. Ölkəmizdə insan və vətəndaş hüquqları  və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" mühüm  rol oynadı. Azərbaycanda  insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi getdikcə daha da təkmilləşdirilir, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Ölkəmiz insan hüquqlarına hörmət edən, dünyəvi dövlət kimi tanınır. Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil. Məsələn, İran və Səudiyyə Ərəbistanı rəsmən teokratik dövlətlərdir. Dünyanın və regionun mənzərəsi fonunda  Azərbaycanın bugünkü uğurları, mövqeyi, bütün sahələr üzrə təqdimatına geniş yol açan imkanları daha aydın görünür. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla  əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır.

Niftiyeva Günel,
Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Geri dön