Ana Sayfa > Manşet / Özəl / İdman > Samit Həsənov: “Ulu Öndərimizin idman siyasəti Azərbaycanda uğurla davam etdirilir”

Samit Həsənov: “Ulu Öndərimizin idman siyasəti Azərbaycanda uğurla davam etdirilir”


5-03-2023, 11:26. Yazar: sevinc1
Samit Həsənov: “Ulu Öndərimizin idman siyasəti Azərbaycanda uğurla davam etdirilir”

“1995-ci il mart ayının 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Həmin görüşdə ümummilli lider bu tarixi sözləri deyib: “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz.” Həqiqətən də çox az bir müddət sonra ölkənin bütün idman ictimaiyyəti Azərbaycan idmanında yeni, mükəmməl inkişaf strategiyasının reallaşmasının şahidi oldu. İlk növbədə həmin tarixi görüşdən sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Məhz həmin görüşün iştirakçılarından olan idman mütəxəssisləri 5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirirlər. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyuldu. Bu tarixi gündən 10 il sonra, 2005-ci il mart ayının 4-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu gün ölkəmiz Azərbaycan dövləti tərəfindən inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərilən idman sahəsində həqiqətən də böyük uğur və nailiyyətlər əldə edib. Respublikamız beynəlxalq idman arenalarında müstəqil dövlət kimi təmsil olunmağa başladığı ilk gündən bu günə qədər keçən müddət ərzində Azərbaycan dünyanın aparıcı idman ölkələri sırasında özünə layiqli yer almış, planetin ən populyar idman mərkəzlərindən birinə çevrilmişdir.”

Bu sözləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar aia.az-a verdiyi müsahibəsində Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov deyib.



Müsahibimiz qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu idmana qayğı siyasəti Azərbaycanın bu gün dünyada aparıcı idman ölkələrindən biri kimi tanınmasında müstəsna rol oynayıb: “Ümummilli Lider Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. O cümlədən Ulu Öndərimizin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmanın müxtəlif növlərinin inkişafını daim diqqət mərkəzində saxlaması, bunun da sayəsində Azərbaycanın hər yerində uşaq-gənclər idman məktəblərinin açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların tədricən öz ustalıqlarını artıraraq müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində müstəsna rol oynamışdır. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı tamamilə yeni bir mərhələyə keçid edib. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Biri-birinin ardınca istifadəyə verilən olimpiya idman kompleksləri bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda belə gözəl idman kompleksləri inşa olunmaqdadır.”


Həmçinin S.Həsənov Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsini dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edərək bunları deyib: “Cari ilin yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev demişdir: “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.” Həqiqətən də bu gün Azərbaycanın bütün digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə mütəmadi olaraq keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Diqqətəlayiq haldır ki, ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar ki, onlardan 300-ə yaxını qızıl medal olmuşdur. Bu, bir daha göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Məhz buna görə də dövlət başçısı bir vəzifə olaraq bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub”, - deyə Samit Həsənov fikirlərini tamamlayıb.
Geri dön