Ana Sayfa > Özəl > Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub
Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub3-03-2023, 09:53. Yazar: sevinc1 |
Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər əsasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlədə münasibətlər qurduq. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa ittifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. 1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları bu ölkəni Avropa İttifaqı üçün maraqlı edir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır. Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. 2004-cü ildə Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti proqramına daxil edilmişdir. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini almışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi Ümummilli lider Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdi. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub. Quliyeva Minarə Nazim qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |