Ana Sayfa > Özəl > Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib

Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib


2-03-2023, 15:15. Yazar: sevinc1
Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinmək və vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır.
Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə Prezident İlham Əliyevin dəstəyini hiss edirlər. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər məhz Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir...
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.
Gənc igidlərimiz müharibə zamanı bütün şücaətləri ilə vuruşarkən Azərbaycan xalqının digər nümayəndələri,vətəndaşlar da boş dayanmadılar. Hər kəs hərbçilərimiz dəstək olmağa çalışır qələbə qazanacağımıza sonsuz inanırdı.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncam 28 sentyabr qüvvəyə minmişdi. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruhyüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına “ermənilərə qarşı döyüş əmri” gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib. Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanırdı.Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir,eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılırdı ki,bu da hər kəsdə olduqca böyük ruh yüksəkliyi yaradırdı.
Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardı. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!

Nəsimi rayon sakini Hüseynli Billurə
Geri dön