Ana Sayfa > Özəl > BAKIDA QOŞULMAMA HƏRƏKATININ COVID-19-A QARŞI MÜBARIZƏ ÜZRƏ TQ-UN ZIRVƏ GÖRÜŞÜ
BAKIDA QOŞULMAMA HƏRƏKATININ COVID-19-A QARŞI MÜBARIZƏ ÜZRƏ TQ-UN ZIRVƏ GÖRÜŞÜ2-03-2023, 09:31. Yazar: sevinc1 |
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. Bugünümüzün əsas çağırışının regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi olduğunu nəzərə alsaq keçirilən hər bir tədbirdə bu məsələyə xüsusi diqqət göstərilməsi qaçılmazdır. Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi ilə bir daha artan nüfuzunu nümayiş etdirir. Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, sırlarında 120 ölkənin təmsil edildiyini nəzərə alsaq qurumun haqq səsimizin dünyaya çatdırılmasında əhəmiyyətini daha aydın şəkildə dərk etmək olar. O da məlumdur ki, ötən il Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı, həmçinin Gənclər Sammiti keçirildi. Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur. Bu məqamı qeyd edək ki, ötən il dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməyə, vahid mövqedən çıxış etməyə çağırış etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə də Azərbaycana dəstəyinə işıq saldı. Ölkəmizə qarşı əks-təbliğat kampaniyalarının cavablandırılmasında qurum öz fəallığını nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında savaşırdı, ədaləti, beynəlxalq hüququ bərpa edirdi. Lakin əfsuslar olsun ki, bəzi ölkələr Azərbaycana qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar: «Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.» Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |