Ana Sayfa > Gündəm > Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının fəaliyyətində yeni dövr başladı”

Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının fəaliyyətində yeni dövr başladı”


25-02-2023, 15:40. Yazar: sevinc1
Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının fəaliyyətində yeni dövr başladı”

“Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünün 30 illik yubileyini qeyd edir. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyinin də məhz bu ilə təsadüf etməsi böyük rəmzi məna daşıyır. Məsələ bundadır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində ölkədə hökm sürən xaos və özbaşınalıq mühiti fonunda bütün digər böyük qurum və təşkilatlar kimi, həmkarlar ittifaqlarının da əmlak və resursları zəbt olunmaq təhlükəsi altında idi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin ölkədə hakimiyyətə qayıdışı həmkarlar ittifaqlarını bu iflasdan xilas etdi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Akif Məmmədov deyib.

Daha sonra müsahibimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təsis konfransında və bu tarixi toplantıdan sonra cərəyan edən hadisələrdən danışıb: “1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü irəli sürdülər. Bundan bir müddət sonra, 5 fevral 1993-cü il tarixində təsis qurultayı keçirildi. Bu qurultayda Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni yaradılmış konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Təsis qurultayında iştirakçıların təklifi və yekdil səsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə cənab Səttar Möhbalıyev seçildi. Bu təşkilatın yaranması Azərbaycanda həmkarlar hərəkatında bir sıra mütərəqqi yeniliklər gətirildi. İlk növbədə Səttar Möhbalıyevin təşəbbüsü və səyləri ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri yenidən özlərinə qaytarıldı. Əlbəttə ki, konfederasiyanın yaradılması ölkəmizdə həmkarlar hərəkatının tarixində olduqca önəmli bir hadisə, irəliyə doğru atılmış mühüm addım oldu. Lakin həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli üçün bu kifayət deyildi. Cari ilin 7 fevral tarixində AHİK-nın 30 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə çıxış edən cənab Səttar Möhbalıyevin də qeyd etdiyi kimi, bu hadisə elə bir dövrdə baş vermişdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə isə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı. Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı. Heydər Əliyev hər bir isanın haqqının, hüquqnun qorunması, sosial rifahının yaxşılaşdırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqardı kimi təqdim edirdi. 1998-ci ildə keçirilmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I Qurultayında Ulu Öndərin qurultay iştirakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir”, - fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi. 1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının120-dən çox təklifinin nəzərə alınması Səttar Möhbalıyevin sədrliyi ilə qəbul edilən qərarların bilavəsitə təsiri ilə baş verdi.”

Həmçinin A.Məmmədov 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını xüsusi vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanda AHİK-in sərbəst və müstəqil fəaliyyət göstərə bilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə ki, bu imkanlar ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun sayəsində ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına göstərilən ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına verilən dövlət dəstəyi nəticəsində yaranıb. Qeyd etmək lazımdır ki, hələ 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edərkən cənab Prezident İlham Əliyev ölkələrimizin müvafiq strukturları arasında mövcud olan əməkdaşlığı yüksək dəyərləndirmişdi. Dövlətimizin başçısı Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirərək milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etmişdi. Birmənalı olaraq deyə bilərik ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər”.

Sonda müsahibimiz xüsusi olaraq qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verilən yüksək qiymət Prezident İlham Əliyevin fevralın 7-də keçirilmiş yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunda öz əksini tapıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin yığıncaq iştirakçılarına ünvanladığı təbrik məktubunda ifadə olunmuş fikirlər həmkarlar ittifaqlarının, AHİK-nın fəaliyyətinə verilimiş ən yüksək dəyərdir. Həmin məktubda möhtərəm dövlət başçımız bildirmişdir ki, ötən müddət ərzində AHİK həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin cənab Prezident İlham Əliyev öz məktubunda Konfederasiyanın 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək verdiyini xüsusi qeyd etmişdir. Əlbəttə ki, dövlət başçısının bu diqqəti, işimizə verdiyi yüksək dəyər bütün həmkarlar ittifaqlarının kollektivlərini daha böyük əzmkarlıqla çalışmağa məsul edir. Sonda bir məsələni də xüsusi qeyd etmək istərdim ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini beynəlxalq müstəvidə də uğurla davam etdirir. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hazırda dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-nın sədri cənab Səttar Möhbalıyev son üç seçkidə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Əminliklə deyə bilərəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bütün üzv təşkilatlarla birlikdə, bundan sonra da işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində öz səylərini daha da artıracaqlar”.
Geri dön