Ana Sayfa > Özəl > XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir


25-02-2023, 21:29. Yazar: sevinc1
XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.Azərbaycanın güclü, suveren dövlətə çevrilməsi, beynəlxalq müstəvidə nüfuzunun artması, regionda liderliyini qoruyub saxlaması dövlətimizin inkişafının və parlaq gələcəyinin qarantıdır. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalıda soyqırımı aktı törətdilər. 

Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırım da xalqımıza qarşı  aparılan  iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Həmin gecə Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Azərbaycan dövləti illərlə haqsızlığa məruz qalsa da, ağır sınaqlardan keçsə də öz ləyaqətli simasını hər zaman qoyub saxlamağı bacardı. İkinci Qarabağ müharibəsində Azərbaycan bütün dünyaya öz hərbi gücünü göstərdi, nəyə qadir olduğunu əyani şəkildə sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “ Xocalı şəhidlərinin qanı yerdə qalmadı”. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön