Ana Sayfa > Özəl > Müharibə Gülləri

Müharibə Gülləri


25-02-2023, 13:30. Yazar: sevinc1
Müharibə Gülləri

Vətən sevgisi uşaqlıqdan iliyimizədək ilmə-ilmə işlənib. Çünki bizlər vətən sevgisi tərbiyəsi ilə böyümüş, bu sevgi ilə təhsil almışıq. Lakin sizcə, yalnız təhsil almaq vətən sevgisinə kifayətmi?! - Kifayət deyil. Bir insan, bir vətəndaş vətənini çox sevər, gözəl güşələrinə heyran olar, vətənə dair müsbət ifadələrlə tərbiyə ala bilər, amma insan ziddiyyətlərlə güclənər, imtahanlarla böyüyər, yaxşıların tərs tərəfi ilə mübariz olar. Bax insan belə öyrənər, gördükləri və şahid olduqları əsasında irəliləyər və bunlar əsasında fikir bildirər ...
Qeyd etdiyim ziddiyyətlərə bariz nümunə - Müharibələrdir. Güllərin açılması əvəzinə, güləllərin açıldığı, məzlumların öldürüldüyü, günahsızların, dinc əhalinin zülmlərə, işgəncələrə məruz qaldığı, böyük və ağır cinayətlərə bir göz qırpımında səbəb olan müharibələr! Müharibələrdən danışmaq nə qədər acı olsa da, çox təəssüf ki, həqiqətdir. Məgər haqq-ədalət bu idimi, məgər qarşılıqlı danışıqlarla əldə olunacaq sülhü, günahsız insanları öldürməkdəmi gördünüz?! Məgər bizlərin gələcək nəsillərə öyrədəcəyi sevgini, hörməti, qayğını – acı, nifrət, kinmi dolduracaqdı, danışacağımız müharibələrmi olacaqdı?!
Müharibələr bitər, amma acısı bitməz, yarası itməz! Müharibədə qalib-məğlub tərəflər ola bilər. Amma əgər müharibə dünyaya yeni göz açan, günahsız, hər şeydən xəbərsiz körpələri öldürürsə, hər iki tərəf məğlubdur! Kimliyindən, irqindən, dinindən, milliyyətindən, mədəniyyətindən, dilindən asılı olmayaraq hər bir şəxsiyyətin dünyaya ilk göz açdığı andan etibarən hüquqları vardır. İnsan hüquqları – insanların malik olmağa haqqı olduğu əsas hüquq və azadlıqlardır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac olmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Bəs hüquqlar hər bir şəxsin toxunulmaz olduğunu deyirkən, niyə müharibələr olur və niyə kütləvi qırğınlar törədilir? İnsan nəfsinin əsiri olanda, düşünmədən insana da qıyarmış demək ...
Törədilən o qədər qırğınlar və müharibələr var ki... Tarix boyu olan, davam edən, saysız-hesabsız qırğınlar, dəhşətlər! Ölkəmizdə törədilən kütləvi qırğınlar, Xocalı faciəsi, 31 mart Soyqırmı, I Qarabağ müharibəsi və Zəfər Tariximiz olan Vətən müharibəsini nümunə göstərmək olar. 44 günlük Vətən müharibəsi dövründə yaşananlar xalqımızı sarsıtmışdı, lakin ümidimiz əsla itmədi. Çünki Müzəffər Ali Baş Komandanımız İlham Əliyev kimi ölkə başçımız, həmçinin vətən keşiyində olan igid oğullarımız var idi. Qələbə bizim oldu, lakin itkilərimiz də çox oldu. Çünki müharibə itkilərə səbəb olar, viran edər, taleləri məhv edər, qırıb tökər ...
Bəzən dil danışmaz - yalnızca izlər, göz yaşları buludlara sığmayan yağıştək yağar, qəlb isə əldə sıxılırcasına sıxılar. O an bu andır, o an müharibələrin olduğu andır!
Müharibə zamanı körpə balaların gözlərinə baxanda müharibə törədilən qırğınları görürük, susmalarına baxmayaraq kədərli baxışları ilə danışan balaları görmək istəmirik. Gözlər səhra kimi, əllər buz kimi, dillər qıfıl kimi ...
Müharibə Gülləri
Sizə bu gün müharibə Güllərindən danışacam,
Göz yaşının yetmədiyi o dəhşətdən danışacam,
Gül kimiykən güllələnən balalardan danışacam,
Taqətlərin tükəndiyi son sözlərdən danışacam.

Mən açmamış çiçək idim,
Açmadan da soldum, getdim.
Gördüklərim zülmət idi,
Qaranlıqda gözlərimi yumdum, getdim.

Ümidli idim, çox gözlədim gələr biri,
Dağıdılmış divarlardan seyr elədim.
Səssiz idim, bəlkə tutarlar əlimi,
Yalan olmuş sözləri də dərk elədim.

Atam üçün tükənməyən nəfəs idim,
İndi isə nəfslərin əsiriyəm.
Anam üçün üçün ətirli qızılgül idim,
İndi isə ağlayan bir qərənfiləm...
Müəllif: Mələk Zamanova

Heç kəs müharibə arzulamaz və heç kəsə müharibədə yaşananlar arzulanmaz. İstəmərəm artıq gözüyaşlı balalarımız olsun, istəmərəm viran olmuş qəlblər, parçalanmış ailələr, məhv olmuş həyatlar olsun!
Körpələrə bu acını yaşatmayaq. Uşaqlara sevgi dolu, sağlam və müharibələrin olmadığı bir dünya bəxş edək!

Mələk Zamanova,,
ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü
Geri dön