Ana Sayfa > İqtisadiyyat > AREA-nın təşkilatçılığı ilə yaşıl hidrogen və enerji saxlanc sistemləri mövzusunda seminarlar keçirilib
AREA-nın təşkilatçılığı ilə yaşıl hidrogen və enerji saxlanc sistemləri mövzusunda seminarlar keçirilib24-02-2023, 19:02. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) təşkilatçılığı ilə Səudiyyə Ərəbistan Krallığının “ACWA Power” şirkətinin nümayəndələri tərəfindən yaşıl hidrogen istehsalı və enerji saxlanc sistemləri mövzusunda seminarlar keçirilib. AREA-nın Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova iştirakçıları salamlayaraq ölkəmizdə yaşıl hidrogen və enerji saxlanc sistemlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması nəzərdə tutulub. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb. Ölkəmizdə enerji saxlanc sistemlərinin tətbiqinin araşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Sonra “ACWA Power” şirkətinin nümayəndələri təqdimatla çıxış ediblər. Şirkətin Hidrogen üzrə biznesin inkişafı departamentinin direktoru Hammad Masood yaşıl hidrogen üzrə şirkət tərəfindən hazırlanan və planlaşdırılan biznes layihələr, 2050-ci ilə qədər proqnozlaşdırılan hidrogenin tələbatı və digər məsələlər barədə məlumat verib. Biznes layihələrin davamlılığının təmin edilməsinə dair müasir texnologiyaların tətbiqi, Azərbaycan üçün yaşıl hidrogenin ixracı və ölkə daxilində istifadə edilməsi imkanları barədə fikirlər səsləndirilib. Enerji saxlanc sistemləri üzrə biznesin inkişafı departamentinin icraçı direktoru Amita Beriya təqdimatla çıxış edərək bu ilin fevral ayında "ACWA Power" şirkəti ilə imzalanmış enerji saxlanc sistemlərin inkişafına dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb, sistemlərin növləri və inkişafı barədə danışıb. Seminar qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Seminarda Energetika Nazirliyi, AREA, nazirlik tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları iştirak ediblər. Geri dön |