Ana Sayfa > Ölkə / Yazar4 > Dünya dağılır...

Dünya dağılır...


24-02-2023, 18:06. Yazar: sevinc1
Dünya dağılır...


Get-gedə dünyanın dağıldığını gözünüzlə görürsünüz, hətta gələcəkdə nələrin baş verəcəyini də hiss edirsiniz. Amma buna rəğmən yenə də düzəlmirsiniz. Pislik etməkdən çəkinmirsiniz, istedadlı gənclərin yollarını bağlayırsınız. Həmişə əlinizdən pislik etmək gəlir. Ürəyinizdən bir evin işığını, bir yurdun ocağını yandırmırmaq da keçmir. Xeyir, əsla! Elə bir şey baş verə bilməz. Ancaq fitnə-fəsad işlərlə məşğul olun. Gül kimi vətəni qurd yuvasına döndərin, parçalayın, bölün, tikələyin. Ancaq yenə də yaxşılıq etməyin. Ac-yalavacların çörəyini verməyin, özünüzdən, övladlarınızdan savayı kimsədə istedad görməyin. Mütaliəli, zəkalı, aydınlarımızı çərlədin, öldürün. Mədəniyyətimizi, məmləkətimizi uçuruma yuvarladın. Düzdür, belə etməklə maddi cəhətdən qazana bilərsiniz. Amma mənəvi cəhətdən çox kasıblayırsınız. On beşdən çox nəğmələrin, iyirmidən çox müsahibələrin, neçə-neçə yazıların, kitabların müəllifi verilişlərdə çıxış edə bilməsin. Hamı məni aldatsın, hamı verdiyi vədlərindən qaçsın. Mənə neçə-neçə müsahibələr götürtsün. Qonorarımı verməsinlər. Bir sözlə, hərc-mərclik zamanına, fırıldaqçılar dövranına gəlib çıxdıq. Müğənnilər də mənlə niyə verilişə çıxmır? Çünki fəxri adım yoxdur. Gərək mənim də fəxri adım ola. Halbuki fəxri adlı olanlardan milyon dəfə yaxşı yazıram. Neçə dəfə üzümə deyiblər. "Azərbaycan Yazıçılar Birliyinin üzvü", "Azərbaycan Jurnalistlər Birliyinin üzvü", "Prezident mükafatçısı", "Cəsarətli qələm mükafatçısı", "İlin nəğməkar şairi" mükafatçısı. Bu qədər titullar həyatımda heç bir şey dəyişmir. Televiziyaya məni dəvət etmirlər. Səbəbi, məramı mənə su kimi, aydın, bəllidir. Gah pul istəyirlər, gah da deyirlər ki, tanınmış imza deyilsən. Vaxtilə tez-tez televiziya ekranlarında çıxışlar etmişəm. Deyirsiniz ki, tanınmış deyiləm? Lap yaxşı. Mən sizlə razıyam. Siz verilişlərinizdə şərait yaradın ki, imzam da tanınmış imzaya çevrilsin. Verilişlərinizdə çıxışlar edən hansı " şairlərdən" əskiyəm ki? Onlar yazdığının beş qatını mən yazıram. Onlar kimi klassiklərimizdən, müasirlərimizdən oğurluq etmirəm. Ən əsası yaradıcılığımda özümlə, sözümlə, şəxsiyyətimlə özüməm. Həmişə də özüm olmuşam. Düzgün ziyalılara, sənətkarlara qapılar açın. Yoxsa, əks-təqdirdə gələcəyimizdən işıqlı, nümunəvi, parlaq aydınlar gözləməyək. Onsuz da elədir. Neçə-neçə istedadlılarımız var ki, günəşli, odlar diyarı adlandırdığımız Azərbaycan ölkəsindən çıxıb gediblər. Onları qınamağa ixtiyarımız yoxdur. Əsl istedadlılar acından ölürlər. Kimisi qul bazarlarında araba çəkir, kimisi də bazarlarda kartof, soğan satır. Bir qarın çörəyindən ötrü. Qiymətlər də gündən-günə qalxır. Yol-pulu, nə bilim nələr, nələr. Mağazalara, bazarlara girməli deyil. Anamız bizi bu dünyaya gətirmədi ki, səfalət içində çürüyək, çərləyək. Anamız bizi bu dünyaya gətirdi ki, gün görək. Sözün əsl mənasında gün. Adam balası kimi yaşayaq, xoşbəxt olaq, arzulara çataq. Yüksək vəzifə sahibləri hər birinizdən xahiş edirəm, rica edirəm. Gəlin bir-birimizin işlərinə nifaq toxumların səpməyək. Bir-birimizi sevək. Elə də çox deyilik. 10 milyonluq xalqıq. Gəlin əl-ələ verək, doğmalaşaq, bacı- qardaş olaq. Elə etməyək ki, Allah bizi lənətləsin. Allahın qəzəbinə tuş gəlməyək. Allahın sevimli bəndəsi olaq ki, Allah da bizdən razı olsun!!!
Vaxtilə bu səpkidə yazdığım şeirlərim yadıma düşdü.

Dağılaydı belə dünya...

Bezdim ikiüzlülərdən,
Qorxdum yaman gözlülərdən.
Bezdim yalan sözlülərdən,
Dağılaydı belə dünya.

Gəncliyimdə qürub çağı,
Əzablara qatılaşmağı.
İstəmirəm yaşamağı,
Dağılaydı belə dünya.

Yaxşıları saxlamaqçün,
Dost-tanışı yoxlamaqçün.
Pis əməldən qurtulmaqçün,
Dağılaydı belə dünya.

Geci, tezi bu olacaq,
İndi olsa nə olacaq?
Yeni dünya qurulacaq,
Dağılaydı belə dünya.

Müəllif: Fuad Biləsuvarlı

A qardaş, bu dünya heç kimin deyil!

Dünyadan bəlkə də lap yüzü deyib,
Çoxları bəlkə də el sözü deyib.
Amma Məmməd Araz ən düzü deyib,
A qardaş, bu dünya heç kimin deyil.

Kaş duyaq ətrini gülün, çiçəyin,
Qədrini bilək də gözəl, göyçəyin.
Nə ağsaqqalındı, nə ağbirçəyin,
A qardaş, bu dünya heç kimin deyil.

Qaynayıb-qarışa bilək, nə olar...
Ürəkdən danışıb-gülək, nə olar...
Bir haya-haraya gələk, nə olar...
A qardaş, bu dünya heç kimin deyil.

Əslində o verir bizləri yola,
Yeyir ömrümüzü hey bala-bala...
Eh, kimə qaldı ki, bizə də qala!
A qardaş, bu dünya heç kimin deyil.

Sökəsi deyilsən, nə də tikəsi,
Biçəsi deyilsən, nə də əkəsi.
Oğul görmədim ki, onu bükəsi,
A qardaş, bu dünya heç kimin deyil.

Hələ ki, o bizim ömürdən sökür,
Yıxır, sinəmizin üstünə çökür.
Tökür yolumuza qayalar, tökür,
A qardaş, bu dünya heç kimin deyil.

Fuadam, nişana ha alır bizi,
Ayırır, dostlardan qoparır bizi.
Beş arşın ağ ilə aparır bizi,
A qardaş, bu dünya heç kimin deyil!

Müəllif: Fuad Biləsuvarlı

Nə çətin zamana düşmüsən, bala!

Köməklik etmədi boş-boş danışdı,
Nə quru danışdı, nə yaş danışdı.
Amma söhbətində çox çaş danışdı,
Nə çətin zamana düşmüsən, bala.

Yetimə çox olur gəl-gəl deyən kəs,
Yalandan boşuna özün öyən kəs.
Sənintək qapımı çoxdu döyən kəs,
Nə çətin zamana düşmüsən, bala.

Mənim də sözümə qulaq asan yox,
İtibdi dəyəri, indi insan yox.
Pulun yoxdusa da şöhrət, ad-san yox,
Nə çətin zamana düşmüsən, bala.

İnsanlıq əllərdən düşərək itdi,
Yaxşılar dünyadan bir-bir köç etdi.
Yaxşılıq etmək də onlarla getdi,
Nə çətin zamana düşmüsən, bala.

Müəllif: Fuad Biləsuvarlı

Nə günə qaldı?

Biz xeyir görmədik, şər gördük ancaq,
Cəhənnəm yaşadıq, gor gördük ancaq,
Yandı ürəyimiz, qor gördük ancaq,
Bu dünya, bu cahan nə günə qaldı!

Əydilər belini, bükdülər onu...
Qırdılar, yıxdılar, sökdülər onu...
Neçə yol biçdilər, əkdilər onu...
Bu dünya, bu cahan nə günə qaldı!

Yığdılar dövrəyə ilan-ilbizi!
Kimsə seçəmmədi əyridən düzü.
Köməyə yetişə yaradan özü!
Bu dünya, bu cahan nə günə qaldı!
Nə günə qaldı!

Müəllif: Fuad BİLƏSUVARLI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.

24 fevral
Geri dön