Ana Sayfa > Özəl > İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır.

İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır.


21-02-2023, 09:31. Yazar: sevinc1
İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə qarşı törədilən silahlı hücumla bağlı rəsmi “Twitter“ hesabında paylaşım edərək törədilmiş terror aktını şiddətlə qınadığını, günahkarların cəzalandırılmasını tələb etdi.
Prezident İlham Əliyev bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirmiş, Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində mühafizə xidmətinin rəisinin həlak olması, daha iki nəfərin yaralanması ilə nəticələnən terror hücumu ölkə daxilində şok effekti yaradan gündəmə çevrildi və hadisə ətrafında geniş müzakirələr başlandı.
İran terror dövlətidir və baş verənlər də göstərir ki, Tehran bu statusunu saxlamaqda israrlıdır. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum hər şeydən öncə beynəlxalq hüquq pozuntusudur.
Nəzərə almaq lazımdır ki, bu, artıq Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı birinci dəfə təşkil olunan terror hadisəsi deyil. Bir müddət öncə Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı yenə İran mənşəli radikal qruplar tərəfindən terror təşkil edilmişdi.
Biz haqlı tərəf olaraq qarşı tərəfdən də sözdə deyil, əməldə də üzərinə götürdüyü öhdəlikləri icra etməsini gözləyirik. Bu bizim təbii və qanuni haqqımızdır.
İranda diplomatik missiyalara hücumlarla bağlı bir sıra tarixi hadisələrə nəzər yetirən zaman belə bir sual meydana gəlir: bu gün Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumun arxasında “ailə problemlərinə görə bunu edən bir nəfər”, yoxsa son üç ildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədən molla rejimi dayanır?
Azərbaycanın regionumuzda, elecə də dünya miqyasında apardığı güclü siyasət danılmaz faktdır. Məhz bu aparılan siyasət İran İslam Respublikasını narahat edir, Tehrandakı səfirliyimizə hücum bunun əyani sübutudur. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb olunandır. Diplomatik nümayəndəliklərə qarşı bu cür terror hücumu qəbuledilməz haldır.
Bu hadisə İranla Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirəcək. Çünki İran dövləti rəhbərlik səviyyəsindən başlayaraq hər zaman Azərbaycan rəhbərliyinə, dövlətinə dolayısı yolla müxtəlif ittihamlar irəli sürüb, terrorla təhdid edib. Buna görə də bu hadisədə ilk ittiham olunan İran dövləti və onun rəhbərliyi olmalıdır.

Zeynalova Elnurə,
ADMİU
Geri dön