Ana Sayfa > Özəl > Mingəçevir Bələdiyyəsi hesabat verdi

Mingəçevir Bələdiyyəsi hesabat verdi


15-02-2023, 17:11. Yazar: sevinc1
Mingəçevir Bələdiyyəsi hesabat verdi

Mingəçevir Bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə Bələdiyyə üzvləri, Bələdiyyənin məhəllə komitələrinin üzvləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bələdiyyə sədri Ramiz Əliyev qurumun 2022-ci il üzrə hesabatını diqqətə çatdırıb. Sədr Mingəçevir Bələdiyyəsinin ötən il ərzində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bələdiyyənin öz işini şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhərin abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurmağa çalışdığını bildirib.
R.Əliyev Mingəçevirdə həyata keçirilmiş irimiqyaslı layihələr, görülən abadlıq-quruculuq işləri barədə danışıb. Qeyd edib ki, 2022-ci ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 233 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 100-ü icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması, 18-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması, 21-i maddi yardımlarla, 94-ü isə təşkilati və digər məsələlərlə bağlı olub.
Natiq bildirb ki, hesabat dövründə bələdiyyə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hündürmərtəbəli binaların tikilməsi məqsədilə torpaq sahələri ayrılıb.
İl ərzində bələdiyyəyə rəsmi orqanlardan daxil olmuş 845 ədəd sənəd və məktuba qanunvericiliyin tələb etdiyi müddətdə cavab verildiyi bildirlib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib. 439 nəfər müxtəlif dövlət orqanlarına arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlərin hər biri müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.
Qeyd olunub ki, 2022-ci ildə bələdiyyənin gəlirləri 395 min manatdan çox olub. Bu gəlirlər əsasən fiziki şəxslərdən toplanan torpaq və əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən, həmçinin bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan daxil olan ödənişlər, bələdiyyə əmlakının satışından, icarəyə verilmiş torpaq sahələri və əmlakdan alınan icarə haqqından, bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) əldə olunan gəlirlər və dövlət büdcəsindən verilən dotasiya hesabına formalaşıb.
Hesabat dövründə bələdiyyənin xərcləri 360 min manatdan çox olub.
Dövr ərzində dövlət büdcəsindən ayrılmış dotasiya hesabına şəhərin müxtəlif ərazilərində “Abad məhəllə” layihələri icra olunub. Bu layihələr çərçivəsində idman meydançaları (futbol, basketbol) salınmış, binaların qarşısında 10 ədəd söhbətgah, 23 ədəd oturacaq, uşaqlar üçün oyun-əyləncə qurğuları, böyüklər üçün idman trenajorları quraşdırılıb. Bunlardan başqa, müxtəlif məhəllələrdə abadlıq işləri görülüb, yollara asfalt beton örtüyü tökülüb, beton səki daşları düzülüb. 70 ədəd şam ağacı əkilib, xeyir-şər mağarları, meydançaların kənarları ağardılaraq, rənglənib.
Y.Məmmədzadə adına şəhər mərkəzi stadionunda cari təmir işlərinin görülməsi üçün mal-materiallarIn alınmasına 10 min manata yaxın vəsait xərclənib. Bu işlərin bələdiyyənin şəhəri ötən ildən ölkə çempionatının birinci dəstəsində təmsil edən “Mingəçevir” futbol komandasına bir töhfəsi olduğu vurğulanıb.
Hesabat dövründə vətəndaşlara maddi yardımların göstərilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Özəlliklə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının müraciətlərinə xüsusi diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib – yas və dəfn mərasimlərindən tutmuş, qəbirüstü abidələrin düzəldilməsinə, şəhid bulağının təmiri üçün mal-materialların alınması, müxtəlif pul yardımları və s.
Yeri gəlmişkən, Mingəçevir Bələdiyyəsinin 04.06.2021-ci il tarixli, 12/5 saylı qərarına əsasən I qrup Qarabağ müharibəsi əlili Abdulla Abdullayev bələdiyyənin himayəsinə götürülüb və ona hər ay 200 manat yardım edilir.
Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Məhəllə komitələrinin sədrləri, KİV nümayəndələri, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər təşkil olunub. Yığıncaqda bələdiyyə tərəfindən həyata keçirilən sosial tədbirlər, aparılmış abadlıq işləri, xarici ölkə şəhərlərinin bələdiyyələri ilə əməkdaşlıq və digər istiqamətlər barədə məlumatlar verilib.
Bələdiyyə sədri R.Əliyev yekunda əlavə edib ki, 2023-cü il 75 yaşını qeyd etməyə hazırlaşan Mingəçevir şəhərinin tarixində böyük uğurlarla yaddaqalan illərdən biri olacaq: “Çünki Mingəçevirin həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Mingəçevirin ilbəil inkişaf edən sosial infrastrukturu insanların yaşayış səviyyəsini daha yüksək standartlara çatdıracaqdır”.
Sonda bir neçə məhəllə komitəsinin hesabatı və təklifləri dinlənilib. 2022-ci ildə şəhərdə həyata keçirilmiş işlər və qarşıda duran problemlər barədə danışılıb, yenidənqurma işlərinin bundan sonra da davam edəcəyi qeyd edilib.

Azər Tağızadə
Geri dön