Ana Sayfa > Özəl > Dövlət Akademik Opera və Balet Teatrının Festivalıda uğurlu çıxışı...

Dövlət Akademik Opera və Balet Teatrının Festivalıda uğurlu çıxışı...


15-02-2023, 13:01. Yazar: sevinc1
Dövlət Akademik Opera və Balet Teatrının Festivalıda uğurlu çıxışı...

Rusiyanın Kazan şəhərində - Tatarstan Dövlət Akademik Opera teatrında 30 yanvar- 28 fevral tarixlərində gerçəkləşən və ölkənin mötəbər musiqi layihələrindən biri olan 41-ci Fedor Şalyapin adına Beynəlxalq Opera Festivalı böyük əks-səda yaratmışdır. Bu il keçirilən festivalın xüsusi özəlliyi onun dahi rus opera müğənnisi Şalyapinin 150-lik yubileyinə həsr olunmasıdır. Bununla əlaqədar Kazana İtaliya, Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın aparıcı opera teatrları – Bolşoy və Mariinski teatrından müğənni və dirijorlar dəvət olunmuşlar. Ifaçılarla bərabər Mariinski teatrının direktoru və baş dirijoru Valeri Gergiyevin rəhbərliyi ilə 150 nəfərlik iştirakçı heyəti festival çərçivəsində M.Musorqskinin “Xovanşina” operasını təqdim edəcəkdir. Qeyd etmək lazımdır ki, festival Coakkino Rossininin “Sevilya bərbəri” operasının remyerası ilə açılmışdır (rejissor – Cüzeppe Morasi (İtaliya) ). 9 operadan ibarət böyük festival proqramında Azərbaycandan olan musiqiçilərə xüsusi yer ayrılmışdır. 11 fevralda keçirilən Cüzeppe Verdinin “Nabukko” operasının uğurlu ifasında Azərbaycan Dövlət Akademik Opera və balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın əməkdar artisti Əyyub Quliyev yer alıb. Azərbaycanlı dirijorun rəhbərliyi ilə keçən tamaşada baş rolları Rusiyanın Bolşoy teatrı (Mixail Kazakov), E.Kolobov adına Moskva“Novaya opera teatrı” (Viktoriya Yarovaya), Ural Opera (Aleksandr Krasnov, Sergey Osovin) və Tatarstan Dövlət Opera teatrından (Zoya Sererina) dəvət olunmuş tanınmış müğənnilər ifa etmişdir. Böyük maraqla qarşılanan tamaşanın sonunda dinləyicilər iştirakçıları ayaqüstə alqışlarla qarşılayıb. Qonaqlar sırasında olan Tatarstanın rəhbəri Rüstəm Minnixanov, Yaponiyanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Toexisa Kodzuki və Kazan Opera Teatrının baş direktoru Raufal Muxamedzyanov da iştirakçılara dəstək olmuşlar. Qeyd etmək lazımdır ki, ölkəmizin tanınmış opera müğənnilərinə də festival proqramında xüsusi yer ayrılmışdır – belə ki, Respublikanın əməkdar artist Azər Zadənin C.Puççinin “Madam Batterflay”, Bolşoy teatrın solistləri, Azərbaycanın xalq artistləri Dinarə Əliyeva və Elçin Əzizovun isə 27-28 fevralda baş tutacaq qala-konsertdə çıxışları gözlənilir.


Geri dön