Ana Sayfa > Ölkə > Yeni Elektrik Stansiyası Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da önə çəkəcək

Yeni Elektrik Stansiyası Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da önə çəkəcək


15-02-2023, 12:34. Yazar: sevinc1
Yeni Elektrik Stansiyası Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da önə çəkəcək

Azərbaycan hazırda müstəqil elektrik enerji sisteminə malik olan bir ölkədir. Məlumdur ki, bu sistemin əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Azərbaycana hələ birinci dəfə rəhbərliyi dövründə respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü addımlar atmışdır. O cümlədən, ötən əsrin 80-ci illərindən bu günə qədər Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət Mingəçevir İstilik Elektrik Stansiyasının təməli birbaşa Ulu Öndərimizin təşəbbüsü və səyləri nəticəsində 1976-cı ildə qoyulmuş və bu böyük stansiyanın birinci bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olunaraq istismara buraxılmışdır. 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində, cəmi iki ilə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya artıq yenidən 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir.
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan strateji əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır. Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün, Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması da dövlətimizin bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək qərarından xəbər verir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açılışı 2025-ci ilə planlaşdırılan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə bərabər, həm də əksər qonşu ölkələrə bu enerji növünü ixrac edir. Eyni zamanda da Avropada ölkəmizin enerji resurslarına olan tələbatın getdikcə artması Azərbaycanda elektroenergetika sahəsinin daha sürətli inkişafını stimullaşdırır. Məhz bu baxımdan bu gün Mingəçevir şəhərinin tarixində artıq bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni bir dövr başlayır. Bu şəhərdə yeni inşa ediləcək stansiya Azərbaycanın mövcud potensialını xeyli yüksəldəcək. Bu, ölkənin enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində ixrac imkanlarını bir qədər də genişləndirəcək. Daha bir önəmli məqam budur ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olduğundan ildə təqribən 1 milyard kubmetr qaza qənaət ediləcək. Bu isə hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu nəzərə alınmaqla, qitənin enerji təhlükəsizliyinə növbəti önəmli töhfə olacaq. Öz çıxışında cənab Prezident İlham Əliyev bunu da qeyd etdi ki, yeni stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyanın xarici tərəfdaşlarla, İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcəyi isə bir daha ölkəmizin xarici əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Xüsusi olaraq dövlətimizin başçısı bunu da qeyd etdi ki, İtaliya şirkətinin bu layihədə iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Xüsusilə məhz energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. 2020-ci ilin sentyabr-noyabr aylarında döyüş meydanında ardıcıl məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu. O cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Bununla ermənilər Azərbaycanın elektrik enerjisi potensialına zərbə vurmaq istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq və bu, imkan verəcək ki, ildə təqribən 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin növbəti önəmli töhfəsi olacaq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Geri dön