Ana Sayfa > Özəl > Ölkəmizin bütün bölgələrində qardaş ölkəyə yardım üçün insanlar səfərbərdir

Ölkəmizin bütün bölgələrində qardaş ölkəyə yardım üçün insanlar səfərbərdir


13-02-2023, 15:50. Yazar: sevinc1
Ölkəmizin bütün bölgələrində qardaş ölkəyə yardım üçün insanlar səfərbərdir

Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə baş vermiş iki güclü zəlzələ ilə bağlı təbii fəlakətdən zərərçəkmişlərə Azərbaycan tərəfindən humanitar yardımlar davam edir. Qeyd edək ki, ilk gündən Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə dəstək olmağa başlanılıb və bu, davam edir.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə də Türkiyəyə tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və digər əşyalar çatdırılır. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən başladılan yardım kampaniyası hələ bir müddət davam edəcək. Hər günündə bir-birinin yanında olan iki ölkənin sevinci də, kədəri də eynidir. İlk gündən Türkiyənin acısını öz kədəri kimi hiss edən xalqımız əlindən gələn köməyi əsirgəmir. Elə bunun nəticəsidir ki, Azərbaycanın, demək olar ki, bütün bölgələrində qardaş ölkəyə humanitar yardım məqsədilə kampaniyalara başlanılıb. Bütün bunlar iki dövlətin, xalqın həmrəyliyinin, birliyinin, dostluq və qardaşlığa sədaqətinin göstəricisidir. 

Qardaş ölkədə baş vermiş güclü zəlzələlər nəticəsində çox sayda insanın həlak olması bəşər tarixinin ən dəhşətli səhifələrindən biridir.  Bu fəlakət eyni zamanda Azərbaycanda xalq-dövlət birliyinin əsl mahiyyətini bir daha üzə çıxardı. Zəlzələ və çoxsaylı insan itkisi bizi sarsıtsa da, Azərbaycan və Türkiyə daha çox bir-birinə yaxın oldu, birləşdi. Hərbi gücümüzlə bərabər, inam və iman gücümüzün də "dəmir yumruğ"a döndüyünün şahidi olduq. Faciənin ilk saatlarından Azərbaycanın aidiyyəti dövlət strukturlarının səfərbər edildiyini, Türkiyəyə tam təchizatla birlikdə həkimlər, xilasedicilər, könüllülər göndərildiyini və hazırda bu prosesin dövlət qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən davam etdirildiyinin şahidiyik.

Azərbaycanın bu cür ürək yanğısı ilə davranışı heç kim üçün gözlənilməz olmadı, çünki biz həmişə Türkiyənin maraqlarına öz milli maraqlarımız kimi sahib çıxmışıq. Cənab İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə "Türkiyə burada yoxdursa, biz varıq" deməklə Ankaranın mənafelərini ən ali formada müdafiə edib. Bu mənada dar günündə Türkiyənin yardımına tələsən ilk liderin cənab İlham Əliyev, ilk dövlətin isə Azərbaycan olmasından təbii heç nə ola bilməz. Dəhşətli faciə ilə əlaqədar Prezident İlham Əliyevin qardaş dövlətin ölkəmizdəki səfirliyində başsağlığı sözləri Azərbaycan-Türkiyə münasibətlərinin real mənzərəsinin ən gözəl ifadəsi idi. Dövlət başçısı bəyan etdi ki, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Həqiqətən də, dövlət başçısının rəhbərliyi altında xalqımız bu çətin günlərdə göstərdi ki, Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" prinsipi yalnız sözdən ibarət deyil. Bu qardaşlığın təməlində milli ruh, vahid məfkurə, ortaq dil, tarixi keçmiş və qarşılıqlı dövlət maraqlarımız dayanır.

Xüsusilə vurğulamalıyıq ki, bu gun xalqımız 44 günlük savaş dönəmində olduğu kimi, uşaqdan böyüyə səfərbər olub. Cənab Prezidentin də Türkiyə səfirliyində böyük qürurla ifadə etdiyi kimi: "Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir".  Bir əsr əvvəl Sarıqamışda, Çanaqqalada, Qurtuluş savaşında, Bakının azad olunması uğrunda döyüşlərdə, iki il öncə isə Vətən müharibəsində qardaşlıq dastanı yazmışıq. İndi də həmin ruhla bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə səy göstəririk və bu, Azərbaycanı Türkiyə ilə daha da yaxınlaşdırır.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

Geri dön