Ana Sayfa > Qərbi Azərbaycan > Keçmiş baş həkim ona iş verilməməsindən gileylənir

Keçmiş baş həkim ona iş verilməməsindən gileylənir


12-02-2023, 21:01. Yazar: sevinc1
Keçmiş baş həkim ona iş verilməməsindən gileylənir

Mingəçevir şəhəri, M.Əzimov küçəsi, ev 5/27 ünvanında yaşayan, uzun müddət şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının baş həkimi, həmçinin şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olmuş, bir müddət məhkumluq həyatı yaşamış Tacəddin Kosayev ona iş verilməməsindən şikayətçidir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan T.Kosayev 2019-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

aia.az-a danışan T.Kosayev deyir ki, cəza müddətini başa vurduqdan sonra iş üçün vaxtilə çalışdığı Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi müəssisəsinə müraciət etsə də, sabiq direktor Abdulqadir Sultanov (hazırda onu bu postda Faiq Abdullayev əvəz edir – A.T) ona "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB), orada isə Səhiyyə Nazirliyinə müraciət etməyi məsləhət görüblər. Beləcə, 3 qurum arasında ötür-ötür oyununda qalan sabiq baş həkim bu günədək çıxılmaz durumda olduğunu bildirir: "Mən, 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (hazırki Azərbaycan Tibb Universitetini) Sanitariya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Əmək fəaliyyətinə Mingəçevirdə başlamışam. 17 il Mingəçevir şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının baş həkimi, 6 il Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifələrində çalışmışam. 6 ildən artıq bir müddətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Tibbi statistika şöbəsinin müdiri işləmişəm. Sonuncu iş yerim də məhz ora olub. Həyat belə gətirdi. 2019-cu ilin oktyabrından 2022-ci ilin aprelinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişəm. Bu müddət ərzində müəssisənin təsərrüfat briqadasında çalışmaqla bərabər məhkumlara tibbi xidmətlər göstərmişəm. Bir neçə dəfə cəzaçəkmə müəssisəsi rəhbərliyinin təşəkkür və hədiyyələrinə layiq görülmüşəm. Əmək haqqımdan dəfələrlə könüllü olaraq "Yaşat", "Dirçəliş" və Heydər Əliyev fondlarına, Silahlı Qüvvələrə, 25 ildən artıq üzvü olduğum Yeni Azərbaycan Pariyasına müxtəlif məbləğlərdə maddi yardımlar eləmişəm. 1990, 1996, 2006, 2010, 2014, 2016 və 2022-ci illərdə Bakı şəhərində Əziz Əliyev adına həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai sağlamlıq və səhiyyənin təşkili" ixtisası üzrə kursları keçib müvafiq şəhadətnamələr, 2016-cı ildə Səhiyyə Nazirliyinin Sertifikasiya imtahanından keçib "Sosial Gigiyena və Səhiyyənin Təşkili üzrə" müvafiq Sertifikatını almışam".
T.Kosayevin sözlərinə görə, istər əmək fəaliyyəti, istərsə də cəza çəkdiyi müddətdə heç bir intizam tənbehi və cəzası olmayıb: "Bunu Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı İlham Baxşəliyevin imzaladığı Xasiyyətnamə də təsdiq edir. Ölkə başçısı cənab İlham Əliyevin 31 may 2007-ci il tarixdə imzaladığı "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu var. Həmin Qanunda qeyd olunur ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində (o cümlədən kvota üzrə iş yerlərini müəyyən etməklə) tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir (Maddə 11.1). Onu da qeyd edim ki, məhkəmə qərarlarının heç birində vəzifə tutmamağım barədə bir bənd belə yoxdur. Belə olan halda 3 dövlət qurumunun – Səhiyyə Nazirliyi, TƏBİB və Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi müəssisəsinin Prezidentin imzaladığı Qanunun tələblərinə etinasız yanaşmaları anlaşılan deyil".
Biz məsələylə bağlı Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi müəssisəsinə müraciət etdik. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, T.Kosayevin müraciətindən xəbərdardırlar: "Tacəddin Kosayev ixtisasca həkim-laborantdır. Hal-hazırda isə Mingəçevir Mərkəzi Xəstəxanasında bu ixtisas üzrə vakant yer yoxdur".
Xəstəxanadan onu da əlavə etdilər ki, həm dövlət, həm də özəl tibb müəssisələrində işləyən həkimlər icbari qaydada 5 ildən bir Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından keçməlidirlər: "Bizdə olan məlumata görə, T.Kosayev sonuncu dəfə sertifikasiyadan təxminən 8 il öncə keçib".
Mingəçevir Mərkəzi Xəstəxanasının cavabıyla razılaşmayan şikayətçinin sözlərinə görə, xəstəxanada elə vəzifələr var ki, bunun üçün qeyd olunan sertifikasiya imtahanından keçmək tələb olunmur.
Sonda T.Kosayev bu günlərdə növbəti dəfə Səhiyyə Nazirliyi və TƏBİB-də qəbula yazıldığını, probleminin məhz bu qəbullardan sonra çözüləcəyinə ümid etdiyini söyləyib.

Azər Tağızadə
Geri dön