Ana Sayfa > Təhsil / Manşet > 71 SAYLI MƏKTƏBDƏ ELƏ HƏMİŞƏ FÖVQƏLADƏ VƏZİYYƏTDİR

71 SAYLI MƏKTƏBDƏ ELƏ HƏMİŞƏ FÖVQƏLADƏ VƏZİYYƏTDİR


29-06-2016, 16:04. Yazar: admin
71 SAYLI MƏKTƏBDƏ ELƏ HƏMİŞƏ FÖVQƏLADƏ VƏZİYYƏTDİR
Paytaxtın Sabunçu rayonundakı 71 saylı orta məktəb barədə internet resurslarında informasiya axtaranda ön sıralarda FHN-in Bakı Regional Mərkəzinin nazirliyin digər qurumları ilə birgə sözügedən təhsil müəssisəsində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda keçirdiyi maarifləndirmə tədbiri haqda məlumat göz önünə gəlir. Amma məktəb barədə redaksiyamıza daxil olan başqa məlumatlardan belə qənaətə gəlmək olur ki, burada elə həmişə fövqəladə vəziyyət hökm sürür və buna qarşı mübarizə tədbirlərini FHN deyil, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin aparması daha məqsədəuyğun olardı.
Hərçənd, məktəbin direktoru Mahirə Qocateva ilə əlaqə yaradıb həmin məlumatlarda ehyiva olunan məsələlərə aydınlıq gətirmək cəhdimiz onun özünün qeyri-konstruktiv mövqe sərgiləməsi səbəbindən baş tutmadı. Bu azmış kimi, ünvanımıza reketsayağı təzyiq və təhdidlər gəlməyə başladı: "Yazı gedərsə, görün, başınıza nə oyun açılacaq". KİV-ə qarşı belə münasibət haqlı sual doğurur: Gör şagird və valideynlər, ən əsası isə məktəbin müəllimləri nə çəkirlər!
Müşahidələrimiz, əldə etdiyimiz məlumatların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, direktor özünü təhsil ocağının rəhbəri kimi deyil, topdansatış bazasının müdiri kimi aparır. Öyrənmişik ki, dərs ilinin sonunda XI sinfi bitirənlərdən "son zəng", "vinetka pulu" və digər təyinatlı pullar direktorun göstərişi ilə toplam kəmiyyətlə tələb olunaraq yığılıb və bu müstəvidə hər hansı təşəbbüskarlığa, müstəqil təşkilatçılığa yer qoyulmayıb. Direktor bu məsələləri mərkəzləşdirilmiş qaydada həyata keçirməyi öz üzərinə götürüb və pərakəndəliyin əleyhinə olduğunu bildirib. Bundan başqa, bildirilir ki, xanım direktor repetitor kimi fəaliyyət göstərən müəllimlərə də aylıq "racon" kəsib.
Bu neqativ halları araşdırarkən, redaksiyamıza naməlum telefon nömrəsindən gələn hələlik sonuncu təhdid bu oldu ki, tezliklə saytımızı dağıdacaqlar. Həqiqətən də çox keçmədən saytın işində nasazlıqlar müşahidə edilməyə başladı və profilaktiki tədbirlərimiz sayəsində informasiya agentliyimizin fəaliyyətinin bərpasına nail olduq. Üç gün sonra həmin zəng təkrarlandı və bu dəfə rişxədlə: "Nə oldu, ağıllandınızmı?" deyə sual verdi və sanki böyük dağıdıcı qüvvəyə malik olduğunu xatırladaraq növbəti dəfə xəbərdarlıq etdi.
Amma əlbəttə ki, redaksiya olaraq belə hədələr bizim haqq işimizdən çəkindirə bilməz. Çünki geri duracağımız təqdirdə təkcə biz yox, bütövlükdə cəmiyyət itirəcək. Nədən ki, bütün gələcək faciələr məktəbdən, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində yol verilən ilk əyintidən başlayır.
Kənan Məmmədzadə
Geri dön