Ana Sayfa > Özəl > Rumıniya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan məmnundur

Rumıniya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan məmnundur


10-02-2023, 10:01. Yazar: sevinc1
Rumıniya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan  məmnundur

Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirilir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, AŞ, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdiriblər. 2017-2021-ci illərdə Rumıniyalı deputat Norika Nikolai, 2021-ci ildə isə keçmiş Rumıniya prezidenti Troyan Basesku Avropa Parlamentində Azərbaycan üzrə daimi məruzəçi olublar. Həmin illərdə Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlərdə həmişə obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Hazırda Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Fevralın 2-də Rumıniya prezidenti cənab Klaus Yohannisin Bakıya səfəri də bu qəbildəndir. Bir sıra ciddi məsələlərin həlli, o cümlədən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak etməsi məqsədi ilə səfər edən prezidentin mətbuata bəyanatı Azərbaycanın enerji təhlükəsizliyində çox ciddi partnyor olmasını göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdən sonra verilən bəyanatda ölkə başçısı qeyd etmişdir: “Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.”
Azərbaycanı etibarlı tərəfdaş və strateji əməkdaşlıqda önəmli ölkə adlandıran Klaus Yohannis qeyd etmişdir ki, “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.”
Son dövrlərdə müzakirə olunan və strateji layihəyə çevrilən yaşıl enerji layihəsində Azərbaycanla ən sıx əməkdaşlıq edən bir ölkə kimi Rumıniya ilə münasibətlər çox önəmlidir. Kifayət qədər bahalı olan bu layihənin reallaşdırılması bir tərəfdən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Digər tərəfdən Azərbaycanın iqtisadi inkişafına əlavə stimul verəcəkdir.
Görünən odur ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verməkdədir. Əbəs yerə deyilmir ki, indi Avropada hamı cənab İlham Əliyevi axtarır, ona zəng edir. Qoca qitə məhz Onun siyasəti nəticəsində etibarlı tərəfdaşa çevrilib.
Cənab Klaus Yohannisin “Mən cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi - Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik” fikri ölkələrimiz arasında əməkdaşlığın inkişaf potensialının kifayət qədər genişliyindən xəbər verir. İndiki məqamda bu potensialdan istifadə edilməsi həm ikitərəfli münasibətlərin inkişafına, həm də Avropada enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanlarn açılmasına təkan verəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri


Geri dön