Ana Sayfa > Seçki 2024 > AZƏRBAYCAN AVROPANIN ETIBARLI TƏRƏFDAŞI STATUSUNU QAZANMIŞDIR

AZƏRBAYCAN AVROPANIN ETIBARLI TƏRƏFDAŞI STATUSUNU QAZANMIŞDIR


7-02-2023, 18:17. Yazar: sevinc1
AZƏRBAYCAN AVROPANIN ETIBARLI TƏRƏFDAŞI STATUSUNU QAZANMIŞDIR

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edib
Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası ölkəmizin Avropanın etibarlı enerji təminatçısı rolunda artan nüfuzunu növbəti dəfə dünyanın  diqqətinə çatdırdı.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun, digər Avropa ölkələrinin, nüfuzlu enerji şirkətlərinin və maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələrinin Bakıda keçirilən tədbirdə fəal iştirak etməsi onu göstərir ki, artıq Azərbaycanla Avropa ölkələri arasında qarşılıqlı əməkdaşlığın və xüsusən də  enerji sahəsində əməkdaşlığın müzakirə edilməsi təbii və qanunauyğun  hal almışdır. Ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti, planlaşdırılan və icra olunan layihələr, verilən sözlərin hər zaman və vaxtında yerinə yetirilməsi, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və hüququn üstünlüyünə əsaslanan səmimi və mehriban münsaibətlərin yaradılması sayəsində enerji sahəsində Avropanın etibarlı tərəfdaşı statusunu təsdiqləmiş və möhkəmləndirmişdir.
Cənab Prezidentin də hər fürsətdə vurğuladığı kimi enerji təhlükəsizliyinin təmin edilməsi bu gün bütün dünya ölkələri üçün ən mühüm məsələlərdən biridir.
Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən  həmin enerji mənbələrindəki artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında silahlı münaqişə həddinə gəlib çatan toqquşmalar, xüsusən Rusiya-Ukrayna müharibəsi, bu münaqişələrin  bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətlərinin bir nömrəli gündəm mövzusuna çevirmişdir.
ölkəmizin zəngin təbii qaz, neft ehtiyatlarına sahib olduğu kimi, həm də yüksək yaşıl enerji potensialına, külək və günəş enerjisindən istifadə üçün böyük imkanlara sahib olması çox böyük əhəmiyyət kəsb edir. Lakin enerji ehtiyatlarına sahib olmaq qədər vacib olan digər məsələ həmin ehtiyatlardan necə istifadə edilməsidir. Azərbaycanın enerji siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən elə sağlam atılmışdır ki, qısa vaxt ərzində Azərbaycan özünü enerji ehtiyatları ilə təmin etməkdə çətinlik çəkən ölkədən enerji ixrac edən ölkəyə çevirilmişdir. Həmin vaxt “əsrin müqaviləsi” kimi böyük layihənin həyata keçirilməsində dünya dövlətləri və böyük şirkətlər Heydər Əliyevin şəxsiyyətinə, nüfuzuna, verdiyi sözə etibar etdiyi kimi, bu gün də yüksək büdcəli layihələrin planlaşdırılmasında və həyata keçirilməsində ölkəmizə olan inamın arxasında Prezident İlham Əliyevə olan etimad və hörmət dayanır.
Bu il ilk dəfə olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl Enerji Məşvərət Şurası da keçirilmişdir. Son zamanlarda bərpaolunan enerji mənbələrindən istifadəyə maraq bütün dünyada artmışdır. Ölkəmizdə də yaşıl enerji mənbələrindən istifadə olunması dövlətimizin diqqətindədir və ən çox investisiya cəlb edən sahələrdən biridir. Həm də ölkəmizin enerji təhlükəsizliyi təmin edildiyi üçün biz bu sahəni enerji təhlükəsizliyimizi təmin etmək üçün yox, nəhəng potensialımızdan istifadə etmək və enerji sahəsində ixracımızın həcmini daha da artırmaq üçün  inkişaf etdiririk.   Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun düşmən işğalından azad edilməsindən sonra həmin ərazilərimizin külək və günəş enerjisi potensialı hesabına yaşıl enerji imkanlarımız daha da artmışdır. Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı olmasını  və hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparıldığını elan etməsi xüsusi ilə əhəmiyyətlidir. Bu dünyanın böyük enerji şirkətlərinin və enerji təhlükəsizliyini təmin etməyə çalışan dövlətlərin diqqətini həmin bölgəyə yönəltməyə və Zəngəzur dəhlizi barədə düşünməyə vadar edir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön