Ana Sayfa > Özəl > ƏZƏLİ VƏ ƏBƏDİ BİRLİYİMİZİN GÜCÜ İLƏ BÜTÜN ÇƏTİNLİKLƏRİ AŞACAĞIQ

ƏZƏLİ VƏ ƏBƏDİ BİRLİYİMİZİN GÜCÜ İLƏ BÜTÜN ÇƏTİNLİKLƏRİ AŞACAĞIQ


7-02-2023, 09:31. Yazar: sevinc1
ƏZƏLİ VƏ ƏBƏDİ BİRLİYİMİZİN GÜCÜ İLƏ BÜTÜN ÇƏTİNLİKLƏRİ AŞACAĞIQ

Fevralın 6-da saat 04:17-də Türkiyədə episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verib. 
Mütəxəssislər bildirirlər ki, zəlzələnin olduğu bölgə 1-ci dərəcəli riskli ərazidə, Şərqi Anadolu Fay Xəttində yerləşir. Bundan əlavə, Kahramanmaraş "Maraş Üçlü Bitişik" adlı nöqtədə yerləşir. Burada Anadolu plitəsi, Afrika plitəsi və Ərəb plitəsi kəsişir. Zəlzələ xeyli dağıntılara və insan tələfatına səbəb olub. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD)  sədrliyi üzərinə götürüb.
Ötən gün günorta saatlarında keçirdiyi brifinqdə bu zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasedici cəlb edilib. Zəlzələ nəticəsində ümumilikdə 5606 bina dağılıb.
Son rəqəmlərə əsasən, zəlzələ nəticəsində 1762 nəfər həlak olub,  12068 nəfər yaralanıb, 2470 nəfər dağıntıların altından xilas edilib. 
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Kahramanmaraşda baş verən zəlzələdən sonra elektrik enerjisi və təbii qaz xətlərində zədələr olduğunu bildirib. 
Türkiyənin milli təhsil naziri Mahmud Özer Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada 2 həftə, Diyarbəkir, Qaziantep, Şanlıurfa, Adana, Osmaniyə və Kilisdə isə 1 həftə müddətinə təhsilin dayandırıldığını açıqlayıb.
Ölkə daxilində bütün milli idman yarışları da növbəti xəbərdarlığa qədər dayandırılıb.
Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. 
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.
Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri ötən gün qardaş ölkəyə yola düşüb. FHN-dən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıran təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə uçub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
“Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin təəssüf və kədər hissi ilə qarşıladıq.
Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik.
Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. “
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü


Geri dön