Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Rumıniya - Azərbaycan əlaqələri intensiv inkişaf edir”
Kamaləddin Qafarov: “Rumıniya - Azərbaycan əlaqələri intensiv inkişaf edir”7-02-2023, 09:21. Yazar: sevinc1 |
“Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb: “ Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda, Azərbaycan və Rumıniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa, Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər.” Geri dön |