Ana Sayfa > Özəl > Davamlı əməkdaşlığı təmin edən memorandum
Davamlı əməkdaşlığı təmin edən memorandum6-02-2023, 12:10. Yazar: sevinc1 |
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında Memorandum imzalanmışdır. İmzalanmış memorandum əlaqələri, əməkdaşlığı gücləndirməkdə əhəmiyyətli rol oynamışdır. Bu sənəddə üç əsas məqam göstərilmişdir. İlk məsələ Azərbaycanda Avropa İttifaqına təbii qazın nəqlini artırmaq idi. Cənubi Qaz Dəhlizi genişləndirilməli idi. Bu Avropa ittifaqı üçün çox önəmlidir. Bir neçə ilə ötürücülük gücünün 20 milyard kubmetrə çatdırmaq məqsədi nəzərdə tutulmuşdur. Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan reallaşdırdğı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmiz enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Üçüncü məsələ isə təbii qaz sahəsində əməkdaşlıq olmuşdur. Bu əməkdaşlıq ətraf mühitin qorunması üzrə öhdəliklərə uyğunlaşdırılmalıdır. 2021-ci ilin əvvəlindən etibarən Azərbaycan Avropa bazarlarına neftlə yanaşı, qaz ixracına da başlamışdır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilmişdir. Azərbaycanın ixrac potensialı isə daha böyükdür. Avropa İttifaqı məlum geosiyasi gərginliklər fonunda özünün artan tələbatını ödəmək üçün respublikamızdan daha çox həcmlərdə “mavi yanacaq” almaq istəyir. Bu tələbatı qarşılamağa Azərbaycanın geniş imkanları var. Cari ildə ixrac həcminin artırılması planlaşdırılır. Ölkənin ümumi “mavi yanacaq” ixracının həcminin 22 milyard kubmetri ötəcəyi gözlənilir. Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Fatimə Talıbzadə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |