Ana Sayfa > Ölkə > Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq


4-02-2023, 12:19. Yazar: sevinc1
Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət də Rumıniya olmuşdur. Rumıniya-Azərbaycan tarixi əlaqələrinin kökü orta əsrlərə aiddir. Təkcə onu demək kifayətdir ki, bu əlaqələr Balaxiya və Moldova knyazlıqları yarandıqdan sonra başlanmış, Ağqoyunluhökmdarı Uzun Həsənin və Səfəvi şahı I Ismayılın dövründə dövlətlərarası əlaqələr səviyyəsinə qədər yüksəlmişdi.
Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan – Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib.
Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Ötən illər ərzində hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib.Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır.
Azərbaycan–Rumıniya strateji tərəfdaşlığında indiki yeni mərhələnin yaranmasında qeyri-neft məhsullarının ixracı, respublikamızda buraxılan malların təşviqi, ixrac nümayəndəliklərinin təşkili, sənaye parklarında dost ölkə şirkətlərinin iştirakının təmin olunması, birgə ixracyönümlü mebel istehsalı müəssisələrinin yaradılması, limanlar arasında əməkdaşlığın təşkili, AZPROMO ilə birgə sərgilərin, təqdimatların keçirilməsi və digər sahələr üzrə əlaqələrin genişləndirilməsi önəmli rol oynayıb.  
Yeri gəlmişkən, Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Respublikamızla dost ölkə arasında birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün mövcud imkanlardan səmərəli şəkildə yararlanıb.    
Xatırladaq ki, son illərdə Rumıniya ilə əməkdaşlıqda enerji layihələrinin gerçəkləşdirilməsində birgə fəaliyyətə başlanılıb.
Azərbaycanla Rumıniya arasında bərqərar olan yüksəksəviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir.

Aidə Məhərrəmova,
Yap üzvü.ADPU
Geri dön