Ana Sayfa > Seçki 2024 > Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri ölkələrimiz üçün çox böyük önəm daşıyır

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri ölkələrimiz üçün çox böyük önəm daşıyır


2-02-2023, 16:38. Yazar: sevinc1
Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri ölkələrimiz üçün çox böyük önəm daşıyır

Macarıstan və Azərbaycanın iki dost və tərəfdaş ölkə olduğunu bildirən cənab Prezident İlham Əliyev bildirib ki, bundan sonra da ölkələrimiz, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır.
Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindəndir. Son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə edilir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub. Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, təkcə 11 ayda ticarət dövriyyəmiz əvvəlki illə müqayisədə 16 faiz artıb. Bütövlükdə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir. Bu rəqəmlərə baxmayaraq, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Macarıstan ilə Azərbaycan arasında mavi qazın nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu, son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xətlərdən hesab olunur. Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verildikdən sonra Avropanın daha beş ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Ölkəmiz hər zaman birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Yaradılan sabitlik və iqtisadi mühit ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyəcək layihələrin uğurlu icrasına yol açır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri də bunu deməyə əsas verir. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında Avropanın enerji təhlükəsizliyinin həssas məqama qədəm qoyduğunu önə çəkərək bu reallığı diqqətə çatdırdı ki, yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi yeni tərəfdaşlar qazanması günümüzün əsas gerçəkliklərindəndir. 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov

Geri dön