Ana Sayfa > Manşet / Siyasət > ATİAHİ Respublika Komitəsində “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

ATİAHİ Respublika Komitəsində “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib


1-02-2023, 17:24. Yazar: sevinc1
ATİAHİ Respublika Komitəsində “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir: “Bugünkü konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunub. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır”.
Onun sözlərinə görə, dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb: “Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq”.
Bildirilib ki, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir: “Bu gün Respublika Komitəsi 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir”.
AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb. Konfrans digər çıxışlarla davam edib.
Geri dön