Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan gəncliyinin tarixi Zəfərin əldə olunmasında xidməti misilsizdir
Azərbaycan gəncliyinin tarixi Zəfərin əldə olunmasında xidməti misilsizdir1-02-2023, 15:47. Yazar: sevinc1 |
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib. Ölkədə gedən proseslərin önündə olub. Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdə uğurlu gənclər siyasətinin də rolu var. Müstəqilliyin ilk illəri kifayət qədər mürəkkəb dövr idi və müxtəlif istiqamətlərdən gəncləri təsir altına salma cəhdləri xüsusilə təhlükə yaradırdı. Bu baxımdan düzgün gənclər siyasəti reallaşdırmaq, gəncləri dövlətçilik və milli maraqlar ətrafında birləşdirmək olduqca vacib idi. Belə mürəkkəb şəraitdə Ulu Öndər bütün təhlükələrin qarşısını aldı. Azərbaycan gəncinin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşması təmin olundu. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ölkədə Gənclər və İdman Nazirliyi yaradıldı. Beləliklə, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması təmin olundu. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifə müəyyənləşdirdi: Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin nəticəsidir. Bu gün Azərbaycan gənci ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda, dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!” Budur Azərbaycan gəncinin əsl xarakteri. Müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə vətənpərvərlik ruhunda yetişən Azərbaycan gənci bilərəkdən Vətən uğrunda ölümə gedirdi. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Ulu öndərin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları, vətənpərvər gənclər tərəfindən reallığa çevrildi. Ulu öndər hər zaman deyirdi: “Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni, ölkəni, torpağı, xalqımızı, dilimizi, dinimizi, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcək.” Bu gün tam əminliklə deyə bilərik ki, məhz ulu öndərin arzuladığı gənc nəsil yetişib. Gənclər həm də dövlətin və cəmiyyətin inkişaf təməlidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində gənclərimiz bir çox sahələrdə böyük nailiyyətlər əldə edir. Bütün bu uğurlarla yanaşı, müasir Azərbaycan gənci həm də vətənə və dövlətə bağlılığa ilə seçilir. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilməlidir. Könül Nurullayeva, Milli Məclisin deputatı aia.az Geri dön |